
2025-ci il may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə keçirdiyi görüş zamanı səsləndirdiyi “Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var” fikri, ölkəmizin bu sahədəki inkişaf yolunu və strateji hədəflərini əks etdirir. Son illərdə Azərbaycan regional və qlobal çağırışlara cavab olaraq müdafiə sənayesinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmışdır.
Müstəqil hərbi-sənaye potensialının yaradılması yalnız ölkənin təhlükəsizlik sahəsində dayanıqlığını artırmaqla kifayətlənmir, eyni zamanda yüksək texnologiyalar sektorunun inkişafına, yeni istehsal sahələrinin formalaşmasına və ixtisaslı kadrların hazırlanmasına təkan verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sahədə beynəlxalq əməkdaşlıq genişlənməkdədir və dost ölkələrlə, o cümlədən Vyetnamla mümkün tərəfdaşlıqlar müdafiə sənayemizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Azərbaycan artıq yerli istehsal imkanlarını genişləndirən, müasir texnologiyaların tətbiqini prioritet hesab edən və ixracyönümlü məhsullar hazırlayan bir ölkəyə çevrilməkdədir. Bütün bu amillər onu göstərir ki, müdafiə sənayesi sahəsi təkcə strateji deyil, həm də iqtisadi inkişaf baxımından Azərbaycanın gələcəyində xüsusi yerə malikdir. Bu istiqamətdə atılacaq hər bir addım ölkəmizin milli maraqlarının təmin olunmasında mühüm rol oynayacaqdır.
Gülnar Qurbanova,
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri