
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın XX əsrin sonlarında keçdiyi mürəkkəb və şərəfli yol, xalqımızın siyasi şüurunda və dövlətçilik təfəkküründə silinməz izlər qoymuş fenomenal şəxsiyyətin — Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası ilə birbaşa bağlıdır. 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamız dövlətçiliyinin ilk addımlarında son dərəcə ağır, çətin və təhlükəli imtahanlarla üz-üzə qalmışdı. İdarəetmədəki səriştəsizlik, hakimiyyət daxilindəki çəkişmələr, dərin iqtisadi tənəzzül, xaos, vətəndaş müharibəsi həddinə çatmış daxili qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü gənc respublikanı xəritədən silinmək və suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir tarixi sınaq anında Azərbaycan xalqı dərin zəkası, sarsılmaz iradəsi və zəngin dövlətçilik təcrübəsi olan dahi liderinə üz tutaraq onu siyasi hakimiyyətə dəvət etdi.
Xalqın təkidli tələbi ilə çətin və məsuliyyətli bir məqamda idarəçiliyə keçən Heydər Əliyevin dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılan ən mühüm və taleyüklü addımlarından biri 3 oktyabr 1993-cü il tarixində baş verdi. Həmin gün keçirilən ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən parlaq dönüş nöqtəsinə çevrildi. Bu seçim sadəcə bir dövlət başçısının müəyyənləşməsi deyil, milli qurtuluşun, siyasi sabitliyin, qanunun aliliyinin və inkişafın təntənəsi idi. Azərbaycan xalqı mütləq çoxluqla Ulu Öndərə səs verərək öz gələcəyini, təhlükəsizliyini və dövlətin varlığını bilavasitə onun müdrik rəhbərliyinə həvalə etdi. 3 oktyabr 1993-cü il seçkiləri ilə ölkədə cərəyan edən anarxiya və sabitsizliyə birdəfəlik son qoyuldu, müasir Azərbaycan dövlətinin möhkəm təməlləri atıldı.
Prezident seçildikdən dərhal sonra Heydər Əliyev ölkəni fəlakətdən xilas etmək üçün titanik və sistemli fəaliyyətə başladı. Dahi strateq ilk növbədə daxili sabitliyin bərpasını ana hədəf seçdi; qanunsuz silahlı birləşmələr tərksilah edildi, dövlət orqanlarının fəaliyyəti nizamlandı və konstitusiya quruluşu bərpa olundu. 1994-cü ildə cəbhədə atəşkəs haqqında Bişkek protokolunun imzalanması ilə ölkəyə nəfəs dərmək, ordunu təşkilatlandırmaq və iqtisadiyyatı dirçəltmək üçün zəruri vaxt qazanıldı. Ulu Öndər yaxşı dərk edirdi ki, siyasi müstəqillik möhkəm iqtisadi bünövrə olmadan uzunömürlü ola bilməz. Məhz bu mütərəqqi baxışın nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu addım Azərbaycanı beynəlxalq aləmə etibarlı tərəfdaş kimi təqdim etdi, ölkəyə milyardlarla dollar investisiyanın axınını təmin etdi və gələcək iqtisadi sıçrayışın əsasını qoydu.
Heydər Əliyevin siyasətində dövlət quruculuğu ilə yanaşı, hüquqi və demokratik islahatlar da xüsusi yer tuturdu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Milli Konstitusiyasının qəbul edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan cəsarətli addımlar, ölüm hökmü və məhkəmə-hüquq islahatları respublikamızı demokratiya yolunda irəliləyən müasir bir dövlətə çevirdi. Eyni zamanda, Ulu Öndər milli idelogiyamızın — azərbaycançılıq məfkurəsinin banisi oldu. O, dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təmin edərək, hər bir soydaşımızın qəlbində öz ana dilinə, milli-mənəvi dəyərlərinə və müstəqil dövlətinə qürur hissi aşılamağı bacardı. Ümummilli Liderin formalaşdırdığı xarici siyasət kursu Azərbaycanın beynəlxalq təcriddən çıxarılmasına, regional və qlobal layihələrin mərkəzi aktoru olmasına imkan yaratdı. Heydər Əliyev sadəcə öz dövrünün cari problemlərini həll etməklə kifayətlənmədi; o, Azərbaycanın gələcək onilliklər üçün inkişaf xəritəsini çəkdi, modern ordu quruculuğunun təməlini qoydu və qüdrətli dövlət modelini miras qoydu.
Bu gün qürur və minnətdarlıq hissi ilə vurğulaya bilərik ki, 3 oktyabr 1993-cü ildə qoyulan uğurlu siyasi kurs ölkəmizi tarixi zirvələrə ucaltmışdır. Heydər Əliyevin strateji zəkası ilə təməli qoyulmuş güclü iqtisadiyyat, sarsılmaz milli birlik və müasir ordu modeli Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin ideyaları, əbədiyaşar prinsipləri və dövlətçilik irsi zaman keçdikcə daha da böyük əhəmiyyət kəsb edir və müstəqil Azərbaycanın parlaq gələcəyinə tükənməz işıq saçmaqda davam edir.
Elçin Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



