Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrikenerjisi ilə təmin edirdi

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.
İlham Əliyev: “Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik. Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində – daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.
Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Lakin, buna nail ola bilmədi.
Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.
Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır.
Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ona görə bu gün Ulu Öndərin abidəsi önündə onun bu xidmətlərini biz xüsusilə qeyd etməliyik.
Xancanova Hüsniyyə,
Xəzər rayonu, 92 №li məktəbin müəllimi