Analitika

Novruz bayramı xalqımızın sahib olduğu milli-mədəni dəyəridir

Milli –mənəvi köklərimizi, adət-ənənələrimizi, tarixi keçmişimizi, mədəniyyətimizi, milli psixologiyamızı və mentalitetimizi, mifik dünyagörüşümüzü əks etdirən Novruz bayramı Azərbaycan xalqının böyük coşqu ilə qarşıladığı milli bir  bayramdır. Qeyd edək ki, folklorşünaslığımızda və mifologiyamızda Novruzla bağlı daim ciddi elmi araşdırmalar və təhlillər aparılmış, bir-birindən maraqlı elmi fikirlər söylənilmişdir. Buna baxmayaraq bu gün də Novruz bayramı, bu bayramla əlaqəli gələnəklər  müasir elmin tələbləri baxımından öyrənilir, yeni yanaşmalar ortaya qoyulur.

Ümumiyyətlə, bu gün xalqımız Novruz bayramını dövlət səviyyəsində qeyd edərək öz milli–mədəni dəyərlərinə sahib çıxdığını ali səviyyədə ifadə edir. Təəssüflər olsun ki, 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizdən çox hissəsi  mənfur ermənilərin işğalı altında olmasına baxmayaraq, xalqımız daim inanırdı ki, gün gələcək  o torpaqlara böyük qayıdışımızla milli–mədəni  dəyərlərimizi həmin yurd yerlərimizdə yenidən yaşadacaq, Novruz bayramını simvolizə edən detallardan biri olan bayram tonqallarını yenidən alovlandırmaq bizə nəsib olacaqdır.

Bu mənada Ulu Öndər Heydər Əliyev: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”,- deyərək xalqın qəlbində olan bu arzunun reallaşacağına böyük inam bəslədiyini qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

“Hər bir adət- ənənənin kökündə xalqın dünyaya baxışları dayanır” fikrinə əsaslansaq, Novruzla bağlı bütün ənənələrin kökündə bizim qədim zamanlardan bəri gələn və bu gün də  yaşatmaqda olduğumuz bir çox ənənələr müasirləşmə dövründə də qalmaqdadır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı ən vacib məqamlardan biri,  bəlkə də,insanların daim yaranışın sirrini öyrənmək ehtiyacı olmuşdur. Araşdırmaçıların gəldiyi qənaətə görə “bütün Novruz mərasimləri daha çox insanın özünü- onu əhatə edən mühiti dərk etmə prosesi ilə bağlıdır”. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.

Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Novruzun gəlişi qeyd olunduğu gündən dörd həftə əvvəl başlayır. Bunlara da el arasında çərşənbələr deyilir.İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Tədqiqatçılar qeyd edirlər ki, Novruz sözünün kökündə ruzi, bərəkət, nizam, təzəlik, sağlamlıq, güc, qüdrət, birlik, seçim kimi bəşər üçün önəmli olan bilgilər və mənalar var.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar bəstələmişlər. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.

Ulu Öndər Heydər Əliyev: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”, – deyərək bu bayrama öz konseptual yanaşmasını bildirmişdir.

Prezident İlham Əliyev Şuşada Cıdır düzündə  20 mart 2021-ci il- Novruz bayramı günü çıxış edərək qeyd etdi ki, “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır… Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik… Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!””

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırmaları əlamətdar bir hadisə olmaqla yanaşı, həm də qələbə duyğularımızın sevincini bayramlarımızda da təzahür etdirməyin bir formasıdır.

Novruz bayramını  bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi .Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә  azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”

Birinci vitse-prezident Mehriban Əliyeva: “Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!” – deyərək qəlbindən gələn ən saf duyğularını dilə gətirmiş və bununla da xalqına olan sonsuz məhəbbətini bir daha ifadə etmişdir.

Bir daha növbəti Novruz bayramımızı Qərbi Azərbaycanda – Göyçə mahalında qeyd etmək diləyi ilə xalqımızı ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Bayramınız mübarək!

Kamil Səbzalıyev,
Xəzər rayonu, İ.Tağıyev adına 26№-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button