
Bu gün Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artır. Xüsusilə Mərkəzi Asiya istiqamətində atılan addımlar bu siyasətin bariz nümunəsidir. Azərbaycan və Özbəkistan arasında qurulan dostluq münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tarixi, mədəni və dini bağlılıqları olan iki xalq arasında diplomatik əlaqələr 1995-ci ildən başlayaraq ardıcıl və dinamik şəkildə inkişaf edir. Özbəkistan, Azərbaycanın 44 günlük Vətən müharibəsində ədalətli mövqeyinə birmənalı dəstək verib, beynəlxalq təşkilatlarda daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Bu qardaşlıq münasibətləri Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda da özünü göstərir.
Son illər Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib. 2022-ci ildən etibarən Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin səfərləri zamanı mühüm sənədlər imzalanıb. 2024-cü ildə imzalanan “Müttəfiqlik Münasibətləri haqqında Müqavilə” iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə fəaliyyətini rəsmiləşdirib. İqtisadi əməkdaşlıq da sürətlə genişlənir. Son illərdə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 200 milyon dolları keçib. Hədəf isə 2030-cu ilə qədər bu rəqəmi 1 milyard dollara çatdırmaqdır. Bunun üçün Azərbaycan və Özbəkistan ticarət, investisiya və sənaye sahələrində birgə layihələr həyata keçirir. 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də bu əməkdaşlığın mühüm nəticəsidir. Ölkələr arasında nəqliyyat-logistika dəhlizlərinin inkişafı, yaşıl enerji layihələri və alternativ enerji istehsalı sahəsində də mühüm razılaşmalar əldə olunub. Bakı və Daşkənd arasında bağlanmış sənədlər iki ölkənin regional və qlobal səviyyədə strateji tərəfdaşlığını möhkəmləndirir. Bu dostluğun ən mənalı təzahürlərindən biri də Özbəkistanın Füzuli şəhərində inşa etdiyi və 2023-cü ildə açılışı olan Mirzə Uluqbəy adına məktəbdir. Bu təhsil ocağı Azərbaycan-Özbəkistan qardaşlığının canlı simvoluna çevrilib. Azərbaycan və Özbəkistan bu gün təkcə iqtisadi tərəfdaş deyil, eyni zamanda, Türk dünyasının birliyinə, regional sabitliyə və qarşılıqlı inkişafa töhfə verən qardaş ölkələrdir.
Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu baxımdan, Özbəkistanın bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək üçün ardıcıl və dəyişməz mövqeyindən, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırışlardan, Azərbaycanın suverenliyinə xələl gətirməyə yönəlmiş istənilən hərəkətləri qınamasından danışmaq yerinə düşərdi. Belə ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq və indi artıq müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Məsələn, 2023-cü ilin sentyabrında Özbəkistanın Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağda” qondarma “prezident seçkiləri”nin keçirilməsini pisləyərək, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu seçkiləri tanınmadığını vurğulayıb.
Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin Qarabağda qələbəsinin ədaləti bərpa etdiyini qeyd edib. Qarabağın işğaldan azad edilmiş ərazilərində olarkən mən özüm də çox müxtəlif hisslər yaşadım. Onilliklər boyu davam edən işğalın törətdiyi dağıntıların miqyası insanı şoka salır. Bununla belə, Azərbaycanın bu əraziləri dirçəltmək üçün göstərdiyi səyləri heç də az təsiredici deyil. Özbəkistan üçün Qarabağın bərpasında iştirak təkcə siyasi və iqtisadi əməkdaşlıq deyil, həm də qardaşlıq borcudur.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 №li tam orta məktəbin əməkdaşı