
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi cariilin fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri, Azərbaycanın şaxələnmiş xarici siyasəti və Orta Dəhlizin potensialından da bəhs edib. Bir-birinə strateji tərəfdaş kimi yanaşan və qarşılıqlı maraqlarını ön plana çəkən Azərbaycanla Çin arasında münasibətlər son illər xüsusən iqtisadi və ticarət sahəsində daha da inkişaf etməkdədir. Ölkəmizin ərazisində yaradılmış Şərq-Qərb nəqliyyat dəhlizi Çindən çıxan yüklərin Avropaya qədər daha da az vaxta daşınmasına yol açır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə icra olunmuş beynəlxalq dəhlizlərə bu gün maraq artır. Bu da mövcud dəhlizlərin genişləndirlməsini aktuallaşdırıb. Belə ki, Beynəlxalq Ticarət Limanın yükaşırma gücü 15 milyon tondan 25 milyon tona artırılır. Həmçinin BTQ dəmir yolu genişləndilərək yük keçirmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırılıb. Rəsmi Bakı və Pekin qlobal arenada separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyalarına qarşı çıxırlar və bu məsələdə vahid mövqeyə malikdirlər.
Çin Xalq Respublikası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu dəstəyin ifadəsi Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin fevralında Pekinə etdiyi ilk rəsmi səfərdə təsdiqləndi, sonrakı illərdə də qorunub saxlandı. 2024-cü ildə Çin və Azərbaycan münasibətlərini rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar. COP29-da Azərbaycan Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzaladı. Bu öz növbəsində ölkəmizin Çinin enerji kabelinə qoşulmasına imkan verəcək. Ümumiyyətlə, COP29 sammiti Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadı. Bütün dünya ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu gördü. Prezident İlham Əliyev müsahibədə həm COP29 sammitinin beynəlxalq əhəmiyyəti, həm də Azərbaycanın əldə etdiyi uğurun sirri barədə geniş danışdı. Bildirdi ki, dövlət başçısı bütün xarici təzyiqlərə, təhdidlərə baxmayaraq, sona qədər ölkəsinin milli maraqlarını qorumalı, xalqına qarşı dürüst olmalıdır. Bu gün Azərbaycan Avropa, ABŞ-la yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və digərləri ilə əlaqələrini inkişaf etdirir, möhkəmləndirir. Bunların sırasında Çinlə münasibətlərin xüsusi yerinin olduğunu qeyd etmək lazımdır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti bir aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. Bundan başqa Çin ilə enerji keçidi, bərpaolunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkəmizdə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. Prezident İlham Əliyev müsahibəsində həm qlobal prioritetlərin formalaşmasında, həm də bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirdi. Azərbaycan daim qarşılıqlı hörmət və həmrəyliyə önəm verən ölkə olmaq məziyyəti ilə seçilib. Bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində bir daha təsdiqlədi. Bildirdi ki, Çinin irəli sürdüyü yeni əməkdaşlıq modeli – “Bir kəmər, bir yol” layihəsi ona yalnız Çinlə münasibətlərinin tarixi köklərinin yeni çağırışlar əsasında davamı üçün deyil, həm də Qlobal Cənubla Qlobal Şimalın birgəliyinin, konstruktiv iş birliyinin əməli varlığını görmək istədiyi üçün dəyərlidir. Yalnız belə münasibətlər sistemi bəşəriyyətin nicatı üçün vacib amildir.
Həsən Xələfov,
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin Tarix müəllimi