On minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır

Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart tarixi məhz unudulmaz qüssəli və kədərli bir yaddaşdır. Əsrlərdir xalqımıza qarşı bədnam qonşularımız amansız siyasət həyata keçirir, bu siyasətin bir məqədi vardır, bu torpaqlardan xalqımızı silmək və arzusunda olduğu, yalnız xəyallarda mövcudluğunu qoruyub saxlayan ”Böyük Ermənistan” yaratmaqdır. 1918-ci ilin 30 martdan- 3 aprel tarixinə kimi Azərbaycanın bir çox əyalətlərində ermənilər tərəfindən din, dil, mənsubiyyət ayırmadan xalqmıza qarşı amansız bir faciə törədilmişdir, bəli faciə, soyqırım, qətliam və bir çox termin əlavə etmək mümkündür. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından didərgin salmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi və dünyaya çatdırmaq məqsədilə “Fövqəladə İstintaq Komissiyası”nın yaradılmasının vacibliyini bəyan edərək onun təşkili haqqında qərar qəbul etmişdi. Bu komissiya mart soyqırımını Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdıracaqdı. Daha sonra Bakı, Qarabağ, Salyan, Zəngəzur, Lənkəran, Quba şəhərlərində baş vermiş vəhşiliklər dünya ictimaiyyətinə çatdırılacaqdı. Hətta xüsusi ilə qeyd etmək istərdim ki, bu tarixi faktları çatdırmaq üçün Xarici İşlər Nazirliyi yanında xüsusi qurum yaradılmışdı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərdi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. Məhz müstəqillik dövründə bu prosesə dünya miqyasında siyasi hüquqi statusu vermək, onu dünya ictimaiyyətinə çatdırmaq məhz ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasətinin nəticəsi idi. Bu gün əksər ölklər mart soyqırımı haqqında ilkin təsəvvürə sahibdir. Bu günkü dünya azərbaycanlılarının birgə fəaliyyəti və təbliğatı nəticəsində soyqırım həqiqətləri dünyada təbliğ olunur, bu siyasi təbliğatın əsasının ulu öndər Heydər Əliyev qoysa da, cənab prezident İlham Əliyev uğurla, layiqincə davam etdirir.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, məlumatlar, materiallar üzə çıxır, erməni vəhşiliyinin tükürpədən səhnələri dünyaya nümayiş olunur. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanıraq toplanılır, hüquqi, siyasi, ictimai qiymət verilməsi üçün geniş çərçivədə araşdırma aparılır. Bu istiqamətdə dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaitləri ayrılır, müvafiq sərəncamlar hazırlanır. Çox uzağa getmək lazım deyil, məhz “Quba abidəsi” kifayət edir ki, erməni xisləti dünyaya çatdırılsın. Təkcə bununla kifayətlənmir, qısa formada istərdim ki, bir sıra tarixi faktları və araşdırmaları sizinlə bölüşüm. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Salyanda, Lənkəranda və digər şəhər və mahallarda misli görülməmiş qətliamlar törədildi.
Tarix yenidən gerçəkləşdi. Mahiyyət eyni, ideogiya eyni, azərbaycanlıları bu coğrafi ərazilərdən silmək, parçalamaq və arzularında olduğu dövləti qurmaqdır. Bəli, 74 ildən sonra 1992-ci ilin fevral ayında Xocalı soyqırımı baş tutdu. Qoca, cavan, uşaq, qadın demədən misli görünməmiş vəhşilik nümayiş olundu.
Məhz xüsusi ilə qeyd etmək lazımdır ki, Mart soyqırımın tarixi əhəmiyyəti və mahiyyətini dünyaya çatdırmaq və təbliğ etmək üçün o tarixi qərar verilməli idi, bəli 1998-ci ilin martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin fərmanda xüsusi fikir diqqəti cəlb edir. Bu fikir və cümlə tarixi gerçəkliyin əhəmiyyətini bir daha gələcək nəsillərə çatdırmaqda mühim bir vasitədir. Həmin fikiri diqqətinizə çatdırmaq mənim üçün çox vacibdir. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan Xalq Cümhiriyyətinin gerçəkləşdirmə bilmədiyi bütün siyasi iradə və siyasi məntiqi qüdrətli Azərbaycan Respublikası reallaşdırır. 31 Mart tarixi bundan sonra əsrlər keçəsədə xalqımızın milli mənəvi və milli qürur tarixinin əhəmiyyətidir.
Cavid Cəfərzadə,
Xəzər rayonu, H. İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru