Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycan üçün əlavə ticarət imkanları yaradır.

Prezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı baş tutub. İlham Əliyev işgüzar və məhsuldar səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb, Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib və həm də yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək iclasın moderatorunun suallarına öz cavablarını səsləndirib. Çıxışında Prezident bildirib ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır. Böyük tranzit imkanları olan ölkə kimi bu gün Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Panel iclasında Prezident cənab İlham Əliyev zəruri əməkdaşlıq istiqamətlərini də öz çıxışı ilə müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi işlər aparılır. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Biznes mühitinin təkmilləşdirilməsi isə uğurun əsas keyfiyyət amillərindən biridir. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Prezident cənab İlham Əliyev ölkəmizin yaşıl enerji ilə bağlı çox böyük potensial malik olması haqqında da söz açıb. Ölkə başçısı qeyd etdi ki, Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial isə 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ümumilikdə bu potensial demək olar ki, 200 qiqavata yaxındır. Mövcud potensialdan istifadə üçün Azərbaycan artıq mücafiq işlərə başlayıb. Belə ki, keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Gücü 4 qiqavat olan bu xəttin texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.
Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu sayılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı