AnalitikaDünyaGündəmSiyasət

Prezident Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı roldan, Avropa ilə əməkdaşlıq perspektivlərindən və yaşıl enerji sahəsində həyata keçirilən layihələrdən danışdı

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini, regional proseslərə baxışını və gələcək inkişaf strategiyasını əks etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Bu müsahibə təkcə forum iştirakçıları üçün deyil, geniş beynəlxalq ictimaiyyət üçün də ölkəmizin mövqeyini aydın və dolğun şəkildə təqdim etdi.

Dövlət başçısı müsahibədə Azərbaycanın regionda formalaşan yeni reallıqlara münasibətini, sülh və əməkdaşlıq gündəliyini açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlıdır və bu məqsədlə ardıcıl, prinsipial siyasət yürüdür. Onun fikirlərində əsas xətt ondan ibarət idi ki, uzunmüddətli sülh yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və real siyasi iradəyə əsaslanmalıdır.

Müsahibədə iqtisadi məsələlər də geniş yer aldı. Prezident Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı roldan, Avropa ilə əməkdaşlıq perspektivlərindən və yaşıl enerji sahəsində həyata keçirilən layihələrdən danışdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də etibarlı tərəfdaşdır və bu etimad illər ərzində atılan ardıcıl addımların nəticəsidir. Eyni zamanda, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, Orta Dəhlizin inkişafı və regionun qlobal ticarət xəritəsində artan rolu da Prezidentin diqqət mərkəzində olan mövzular sırasında idi.

Prezident İlham Əliyev müsahibədə Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu da xüsusi vurğuladı. O bildirdi ki, ölkəmiz heç bir güc mərkəzindən asılı olmadan, yalnız milli maraqlara söykənən siyasət yürüdür və beynəlxalq münasibətlərdə etibarlı, sözünə sadiq tərəfdaş kimi tanınır. Bu mövqe Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri kimi təqdim olundu.

Müsahibənin ümumi ab-havası Prezidentin özünəinamını, aydın strateji baxışını və qlobal prosesləri dərindən təhlil etmək bacarığını bir daha nümayiş etdirdi. O, suallara konkret, əsaslandırılmış və səmimi cavablar verərək Azərbaycanın bugünkü gücünü və gələcəyə olan inamını ifadə etdi.

Beləliklə, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq gündəmdəki yerini, regional və qlobal məsələlərə dair mövqeyini dolğun şəkildə əks etdirən, ölkənin siyasi və iqtisadi kursunu aydın şəkildə ortaya qoyan mühüm çıxış kimi qiymətləndirilə bilər.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button