
Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxundu.
Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. : Bəli, bu, həqiqətdir. Çünki bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.
Əslində, biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Biz hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Lakin elə ölkələr var ki, – xüsusilə kiçik ada dövlətləri, – onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir. Mən artıq Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır. Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı. Sonda Cənab Prezident televeziyanın xatirə kitabına öz ürək sözlərini yazdı.
Şüküfə Əhmədova,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli məktəbin müəllimi