
Prezident İlham Əliyevin son müsahibəsi müasir dövrdə Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini, regionda formalaşan yeni geosiyasi reallıqları və ölkəmizin artan beynəlxalq rolunu aydın şəkildə ortaya qoyur. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan öz milli maraqlarına söykənən, müstəqil və prinsipial siyasət yürüdür.
Müsahibədə xüsusi diqqət yetirilən əsas məsələlərdən biri postmünaqişə dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaradıb və bu reallıqlar beynəlxalq hüquqa, ədalətə və tarixi həqiqətlərə əsaslanır. Ölkəmiz sülhün tərəfdarı olduğunu dəfələrlə bəyan edib və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün konkret addımlar atır.
Dövlət başçısı müsahibəsində Ermənistan–Azərbaycan münasibətlərinə də toxunaraq bildirib ki, sülh müqaviləsinin imzalanması üçün bütün əsas şərtlər mövcuddur. Azərbaycanın mövqeyi dəyişməzdir: qarşılıqlı ərazi bütövlüyünün tanınması, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsas götürülməlidir. Prezident açıq şəkildə ifadə edib ki, prosesi ləngidən tərəf Azərbaycan deyil və ölkəmiz konstruktiv mövqeyini davam etdirəcək.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması məsələsi də geniş yer alıb. Prezident İlham Əliyev qeyd edib ki, azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Böyük Qayıdış” proqramı mərhələli şəkildə icra olunur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses planlı, təhlükəsiz və davamlı əsaslarla həyata keçirilir.
Dövlət başçısı həmçinin Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində roluna diqqət çəkib. Avropanın enerji təchizatında etibarlı tərəfdaş olan Azərbaycan bu sahədə üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Enerji siyasətinin təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıdığı vurğulanıb və ölkəmizin bu sahədə uzunmüddətli strategiyaya malik olduğu qeyd edilib.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş və regionda söz sahibi olan ölkə olduğunu bir daha təsdiqləyir. Milli maraqlara əsaslanan siyasət, qətiyyətli liderlik və gələcəyə hesablanmış strateji baxış Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir.
Bu müsahibə həm ölkə ictimaiyyəti, həm də beynəlxalq auditoriya üçün mühüm mesajlar ehtiva edir və göstərir ki, Azərbaycan qarşıdakı dövrdə də müstəqil yolunu inamla davam etdirəcək.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi



