
“Prezident İlham Əliyevin Vaşinqton səfəri mühüm tarixi nailiyyətlərlə yadda qaldı. İlk növbədə bu səfər Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanmasına təkan verir. ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması, həmçinin “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında və SOCAR ilə ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında” memorandumların imzalanması, eləcə də ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xüsusi münasibət göstərməsi iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Vaşinqton səfəri həm də Cənubi Qafqazda sülhün bərqərar olmasına əsaslı təminatlar formalaşdırır. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin keçirilməsi, bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Bir sözlə, Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir”.
Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib: “Eyni zamanda, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair razılaşma da əldə olunub. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində reallaşdırılacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan layihə ilə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi nəzərdə tutulur”.
Ramil Vəlibəyov əlavə edib ki, Vaşinqtonda yalnız sülh və əməkdaşlığın əsasları qoyulmadı, eyni zamanda yeni dünya nizamına doğru mühüm addım atıldı: “Bununla da yalnız Cənubi Qafqaza sülh gətirilmədi, həmçinin Avrasiya geosiyasi məkanında strateji dəyişikliklərin əsası qoyuldu. Yalnız Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmadı, həm də dünyadakı müharibələrin həlli üçün platforma və liderlik formulu təqdim olundu. Xüsusən də Cənubi Qafqazda daimi qarşıdurmanın olmasında maraqlı olan xaos tərəfdarlarının iflası, süqutu oldu”.