
4 fevral 2026-cı ildə Əbu-Dabidə Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı ideoloji və siyasi xəttin beynəlxalq humanitar müstəvidə qəbul olunduğunu nümayiş etdirən mühüm hadisə kimi dəyərləndirilə bilər. Bu çıxış təkcə bir mükafatın təqdimatı çərçivəsində deyil, qlobal miqyasda dəyərlər, qarşılıqlı hörmət və sülh mövzusunda aparılan diskussiyalarda Azərbaycanın mövqeyini daha aydın şəkildə ortaya qoydu.
Prezidentin çıxışında vurğulanan əsas məqam insan qardaşlığı anlayışının abstrakt ideya deyil, real siyasət və dövlət idarəçiliyində tətbiq olunan prinsip olması idi. Azərbaycan multikulturalizm və dini dözümlülük modelini uzun illərdir daxili sabitliyin və ictimai harmoniyanın əsas sütunlarından biri kimi təqdim edir. Əbu-Dabidə səslənən mesajlar bu modelin artıq regional çərçivəni aşaraq qlobal auditoriya üçün də aktual olduğunu göstərdi. Xüsusilə fərqli mədəniyyətlər və dinlər arasında etimadın azalmaqda olduğu bir dövrdə bu yanaşma alternativ yol kimi təqdim olundu.
Çıxışın analitik baxımdan diqqət çəkən tərəflərindən biri humanitar dəyərlərlə geosiyasi reallıqlar arasında balansın qurulması idi. Prezident İlham Əliyev insan qardaşlığının yalnız mənəvi çağırış olmadığını, eyni zamanda münaqişələrin həlli, postmünaqişə dövründə barışığın bərqərar olunması və dayanıqlı inkişaf üçün praktik mexanizm rolunu oynaya biləcəyini önə çəkdi. Bu kontekstdə Azərbaycanın, xüsusilə son illərdə keçdiyi transformasiya yolu, sülh və əməkdaşlıq diskursunun real təcrübə üzərində qurulduğunu göstərmək məqsədi daşıyırdı.
Mərasimdə səsləndirilən fikirlər Azərbaycanın özünü Şərqlə Qərb arasında yalnız coğrafi deyil, həm də dəyər körpüsü kimi təqdim etməsi baxımından da əhəmiyyətlidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsi ilə Azərbaycanın rəsmi ideoloji xətti arasında qurulan paralellər ölkənin beynəlxalq imicinin yumşaq güc alətləri vasitəsilə möhkəmləndirilməsinə xidmət edir. Bu, diplomatiyanın klassik siyasi bəyanatlardan kənara çıxaraq dəyərlər üzərindən qurulmasının nümunəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı təkcə təşəkkür və rəmzi xarakter daşımırdı. O, qlobal auditoriyaya ünvanlanmış strateji mesaj idi: insan qardaşlığı ideyası müasir dünyanın qarşılaşdığı çağırışlara cavab verə bilən real konsepsiyadır və Azərbaycan bu konsepsiyanı həm daxili siyasətində, həm də beynəlxalq münasibətlərdə tətbiq etməyə hazır olan ölkələrdən biridir. Bu baxımdan çıxış və mükafatlandırma mərasimi Azərbaycanın beynəlxalq humanitar diskursdakı rolunun daha da gücləndiyini göstərən mühüm siyasi-simvolik hadisə kimi qiymətləndirilə bilər.
İldırım Eyvazlı,
YAP-ın gənc fəalı



