
Azərbaycanın son iyirmi iki ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 22-ci ildönümü tamam olan cənab İlham Prezident Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.
Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsidir. Cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. 22 il öncə andiçmə mərasimində: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, – deyərək səlahiyyətlərinin icrasını üzərinə götürən cənab İlham Əliyev, əslində, ali dövləti fəaliyyətinin elə ilk günündən Vətən müharibəsinə başlamışdı. Sadəcə, bu savaş 2020-ci il sentyabrın 27-də həlledici hərbi fazaya qədəm qoydu və 17 illik hazırlıq Ermənistanın rəsmən təslim olması ilə uğurla yekunlaşdı.
Ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin “Qisas”, “Qətiyyətli cavab” və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması “Dəmir yumruğ”un gücünün, mövcudluğunun davamlılığını əyani göstərdi. Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərazimizdə mövcud olan “boz zona”nın birdəfəlik ləğvini təmin etdi. Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir.
Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, “boz zona”nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər. Bu ərazilərin də hər qarışı çox qısa zamanda Azərbaycanın yeni quruculuq ünvanlarına çevriləcək. Həmçinin millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilmişdir.
Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz “Heydər Əliyev İli”ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin məhz bu yubiley ilində tarixə yazılması həm də Lider, Xalq, Ordu birliyinin sarsılmazlığının, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür. Bu proseslər çərçivəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas prinsipi olan “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir” – müddəası da təmin olundu.
Tarixi Zəfər və onun davamı olan antiterror tədbirləri təhlükəsizlik sisteminin son hədəfini gerçəkləşdirərək, onun tamlığını reallaşdırdı. Xüsusi vurğulamaq istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirmişdi. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı. Tarixə nəzər salsaq, görərik ki, erməni millətçi ideoloqlarının və havadarlarının süni yolla yaratdıqları “Qarabağ problemi” iki əsrdən bəri Azərbaycan xalqının milli varlığına, onun malik olduğu tarixi ərazilərinə və dəyərlərinə əsas təhdid və təhlükə olub.
Sovet hakimiyyətinin ilk illərində isə Qarabağın böyük bir hissəsinə “muxtar vilayət” statusu verilməklə, faktiki olaraq, bu ərazi Azərbaycanın təhlükəsizliyinə əsas təhdid kimi formalaşdırılmışdır. Yerli azərbaycanlı əhalinin mütəmadi olaraq sıxışdırılması, bölgənin süni və məqsədyönlü şəkildə erməniləşdirilməsi ilə paralel olaraq, “vilayət”in respublikanın mərkəzi hakimiyyətinin təsirindən çıxarılması prosesi həyata keçirilmişdir. Ötən əsrin 70-ci illərində muxtar vilayətdə separatçı əhvali-ruhiyyə, demək olar ki, aradan qalxmışdı. Artıq sadə ermənilər də bədnam millətçi meyillərə qarşı açıq etirazlarını bildirir, Azərbaycanın tərkibində təhlükəsiz, rifah halında və xoşbəxt yaşadıqlarını bəyan edirdilər. Ulu Öndərin qətiyyətli, uzaqgörən tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə dönmüşdü. Bu müddətdə erməni millətçiləri torpaq iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmirdilər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin onilliklərdən sonra Qarabağda Azərbaycanın suveren hüquqlarını tam təmin etməsi Ümummilli Liderimizin ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan keçmiş Dağlıq Qarabağı Azərbaycana qəti şəkildə qazandırmaq təcrübəsinin yeni və çox mürəkkəb tarixi şəraitdə qəti qələbəylə təkrarlanmasıdır. Bir sözlə, cənab İlham Əliyevin adı, imzası, iştirakı harada varsa, orada təhlükə, risk yoxdur – dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqət budur! Onun adı qlobal inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təmini və rəmzidir! Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir.
Bu tarixi mərhələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpa edilən mədəni-mənəvi incilərimiz, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident cənab İlham Əliyev və hörmətli Vitze-prezident Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir. Bu isə ötən çox çətin, mürəkkəb, həm də şərəfli 22 ilin məntiqi davamı, qanunauyğun nəticəsidir.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



