
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 18-də Qazaxıstanın “Kazinform” informasiya agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında strateji əməkdaşlığın və dostluq münasibətlərinin nə dərəcədə dərin və əhatəli olduğunu bir daha nümayiş etdirdi.
Prezidentin vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək dərəcədə möhkəmlik, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan səmimi tərəfdaşlıq ruhunda inkişaf edir. Bu münasibətlərin əsasında uzun əsrlər boyu formalaşmış ortaq türk kimliyi, oxşar mədəniyyət və mənəvi dəyərlər dayanır.
Tarixi qardaşlıq və qarşılıqlı dəstək bu gün də Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlərin mühüm dayaqlarından biridir. Bu kontekstdə Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri zamanın sınağından çıxmış dostluğa söykənir və yalnız siyasi deyil, həm də iqtisadi, mədəni, humanitar və regional təhlükəsizlik sahələrində çoxşaxəli əməkdaşlıqla möhkəmləndirilir.
Əldə olunan yüksək səviyyəli nəticələrin əsasını isə liderlər arasında davamlı və konstruktiv dialoq təşkil edir. Azərbaycan və Qazaxıstan prezidentləri arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət ölkələrimiz arasında münasibətlərin ardıcıl inkişafına güclü təkan verir.
Hər iki lider ortaq regional təşəbbüslərə fəal dəstək verir, Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi və türkdilli dövlətlər arasında birliyin daha da möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür.
Prezident Əliyevin fikirlərində əksini tapan digər vacib məqam isə enerji, nəqliyyat və logistika sahələrindəki əməkdaşlıqdır. Hər iki ölkə Avrasiyanın mühüm geostrateji bölgəsində yerləşməklə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında əsas oyunçular sırasındadır.
Bu çərçivədə Bakı və Aktau limanları arasında əməkdaşlıq, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) genişləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində birgə təşəbbüslər xüsusi önəm daşıyır.
Mədəni-humanitar sahədə də sıx əlaqələr müşahidə olunur. Tələbə mübadiləsi, birgə mədəni layihələr, tarix və irsə dair tədqiqatlar xalqlarımız arasında qarşılıqlı anlaşmanı və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın artırılmasını, xüsusilə gənc nəslin bir-birini daha yaxından tanıması üçün yeni platformaların yaradılmasını vacib sayır.
Nəhayət, Qazaxıstan və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləməsi qarşılıqlı etimadın və strateji həmrəyliyin təzahürüdür. BMT, ATƏT, İƏT, TDT kimi təşkilatlarda qarşılıqlı dəstək ölkələrimizin beynəlxalq arenada bir-birinin mövqeyini gücləndirməsinə xidmət edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm təməl və strateji baxış ortaya qoyur.
Bu münasibətlər yalnız ikitərəfli deyil, həm də daha geniş regional əməkdaşlıq modelinə çevrilmək potensialına malikdir. Türk dünyasının birliyinə, Avrasiya məkanında sabitlik və rifaha xidmət edən bu əməkdaşlıq modeli gələcəkdə də uğurla davam edəcəkdir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan partiyası, məsləhətçi