Analitika

Qarabağ Azərbaycanın əzəli və ayrılmaz parçasıdır

1990-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisinin qeyri-qanuni məskunlaşdırılması ermənilərin “Böyük Ermənistan” mifini reallaşdırmaq üçün Cənubi Qafqazda demoqrafik dəyişikliklər etmək istiqamətində uzun sürən cəhdlərinin başlanğıcı deyil, davamı idi.

Bu proses hələ 19-cu əsrdə – indiki Azərbaycanın şimal hissəsi Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin nəticələrinə əsasən indiki Azərbaycanın şimal hissəsi Rusiya İmperiyasına birləşdirildikdən sonra tarixi Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsinə başlamış Çar Rusiyasının apardığı siyasət bu prosesə təkan verdi. Ermənilər onun dağlıq hissəsində 1923-cü ildə sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daima Azərbaycandan ayırmağa çalışmışlar. 1980-ci illərin sonlarında onların mövcud olan şəraitdən istifadə edərək fəallaşması Dağlıq Qarabağın və ətraf rayonların müvəqqəti olaraq itirilməsi ilə nəticələndi.

1988-ci ildə başlayan Qarabağ hərəkatının mühüm xüsusiyyəti Ermənistanda və DQMV-də “Krunk”, “Qarabağ”, “Erməni azadlıq hərəkatı” (AOD) kimi yeni ictimai təşkilatların sıralarını dolduran vəzifəli şəxslərin və inzibati qulluqçuların Kommunist Partiyasının tərkibindən kütləvi şəkildə çıxması idi.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.

Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.

Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini müntəzəm olaraq məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali Baş Komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı.

44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın da Azərbaycana qaytarıldı. Uzaqgörən liderimizin bu razılaşmaya imza atmasının səbəbi daha çox qan tökülməsinin qarşısını almaq idi. 44 günlük şanlı qələbə şəhidlərimizin canı və qanı bahasına əldə olunmuşdu.

Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button