AnalitikaGündəmSiyasət

Qarabağ Zəfərindən Müttəfiqliyə: Şuşa Bəyannaməsi Yeni Dövrün Başlanğıcıdır

Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağlar əsrlər boyu iki xalqı birləşdirmiş, qardaşlıq və dostluq münasibətləri bu gün də ən yüksək səviyyədə davam etdirilmişdir. Xüsusilə XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi ilə bu əlaqələr daha da güclənmiş və bütün sahələrdə sistemli əməkdaşlıq qurulmuşdur. 2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar iki qardaş ölkənin əlaqələrini daha da dərinləşdirməyə zəmin yaratdı. Bu baxımdan, 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyən mühüm sənəd kimi çıxış edir. Bəyannamənin Şuşa şəhərində imzalanması xüsusi rəmzi mənaya malikdir. Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağ bölgəsinin incisi və 2020-ci il 8 noyabr tarixində azad edilməsi ilə Vətən müharibəsinin dönüş nöqtəsi olmuş şəhərdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və sənədin burada imzalanması, Azərbaycanın ərazi bütövlüyünə verilən açıq və qəti dəstəyin təzahürüdür. 15 iyun tarixi isə Azərbaycan xalqı üçün artıq önəmli bir tarixlə – Milli Qurtuluş Günü ilə üst-üstə düşür. Bu, Azərbaycan-Türkiyə münasibətlərindəki həmrəyliyin və ortaq siyasi vizionun daha da güclənməsinin təsadüfi deyil, strateji şəkildə planlaşdırıldığını göstərir. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, mədəniyyət, təhsil, diaspora və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığı özündə birləşdirir. Sənəddə hər iki ölkənin bir-birinin təhlükəsizliyini birgə təmin etməyə, hərbi sahədə təcrübə mübadiləsinə, birgə təlimlərə və müdafiə sənayesində əməkdaşlığa dair konkret müddəalar yer alıb. Bu isə faktiki olaraq iki ölkənin müttəfiqlik səviyyəsində hərbi əməkdaşlığını təsdiqləyir. Bəyannamədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi xüsusi vurğulanır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyədən Orta Asiyaya uzanan böyük türk dünyasını birləşdirən yeni kommunikasiya xəttinin əsasını qoyacaqdır. Tərəflər TANAP, TAP kimi enerji layihələri ilə yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin və digər logistika sistemlərinin genişləndirilməsi barədə razılığa gəlmişlər. Bəyannamədə ortaq mədəni irsin qorunması, təhsil layihələrinin həyata keçirilməsi və gənclərin qarşılıqlı təcrübə proqramlarında iştirakı da əsas prioritet kimi qeyd olunmuşdur. Şuşa Bəyannaməsi hüquqi baxımdan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrini rəsmiləşdirən ilk sənəddir. Bu sənəd yalnız ikitərəfli razılaşma deyil, eyni zamanda regionda və beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Regional sabitliyə töhfə verən bu sənəd, eyni zamanda, Ermənistanın və onun havadarlarının regionda yaratmaq istədiyi sabitliyi pozan siyasətlərə qarşı güclü bir cavabdır. Həmçinin, bu bəyannamə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağın ayrılmaz bir hissəsi olduğunu bütün dünyaya göstərmiş oldu. Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyəni deyil, bütün türk dünyasını əhatə edən geniş bir geosiyasi əməkdaşlığın başlanğıcı sayıla bilər. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya proseslərinin dərinləşməsi, vahid enerji, ticarət və informasiya məkanının yaradılması bu sənədin ruhuna uyğundur. Bu, Orta Asiyadan Cənubi Qafqaza qədər uzanan coğrafiyada türk dövlətlərinin koordinasiyalı şəkildə çıxış etməsini təmin edəcək. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini yeni – strateji müttəfiqlik səviyyəsinə yüksəldən sənəddir. Bu sənəd təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də sarsılmaz birlik və ortaq maraqların rəmzidir. Bəyannamə göstərdi ki, “bir millət, iki dövlət” şüarı artıq yalnız siyasi deyil, hüquqi və praktiki reallığa çevrilmişdir. Azərbaycan və Türkiyə arasındakı bu sarsılmaz birliyin bölgəyə sabitlik, xalqlara rifah və türk dünyasına gələcək vəd etdiyi şübhəsizdir.

İlham Quliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button