
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, regionların iqtisadi potensialının üzə çıxarılması istiqamətində də mühüm addımlar atılır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda yerləşən mineral yataqlar xüsusi əhəmiyyət daşıyır. 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramında həmin ərazilərdə yerləşən yataqların istismara cəlb edilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev müşavirədə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında qızıl, mis və molibden yataqlarının mövcudluğunu xüsusi qeyd edib.
İşğaldan azad edilmiş ərazilərin mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi həmin regionların gələcək iqtisadi strukturuna təsir göstərə bilər. Mədənlərin istismarı üçün yolların, enerji və digər infrastrukturun yaradılması tələb olunur. Bu isə regionlarda iqtisadi fəallığın genişlənməsinə şərait yarada bilər. Hasilat müəssisələri ilə yanaşı, emal və xidmət sahələrinin də yaradılması mümkündür. Beləliklə, mineral ehtiyatların istifadəsi regionun iqtisadiyyatında yeni istehsal zəncirinin formalaşmasına səbəb ola bilər.
Bu prosesin mühüm tərəflərindən biri məşğulluq imkanlarının genişlənməsidir. Mədən və emal müəssisələrinin fəaliyyəti birbaşa iş yerləri ilə yanaşı, nəqliyyat, logistika, texniki xidmət, tikinti və digər sahələrdə də əlavə məşğulluq yarada bilər. Dövlət Proqramı çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi fəaliyyət sahələrinin yaranması əhalinin həmin ərazilərə qayıdışı prosesinin iqtisadi əsaslarının möhkəmlənməsinə də xidmət edə bilər.
Qarabağda mədən sənayesinin inkişafı zamanı ekoloji məsələlər xüsusi diqqət tələb edir. Ərazilərin təbii sərvətlərindən istifadə edilərkən təbiətin qorunması, su və torpaq ehtiyatlarının mühafizəsi, müasir ekoloji standartların tətbiqi əsas şərtlərdən olmalıdır. Bu baxımdan yeni layihələrin yalnız iqtisadi gəlir deyil, həm də uzunmüddətli ekoloji dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini



