
Prezidentimiz cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb.
Azərbaycan və Vyetnam arasında siyasi dialoq yüksək səviyyədə saxlanılır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2012-ci ildə imzalanmış Əməkdaşlıq Memorandumu partiyalararası əlaqələrin inkişafına təkan vermişdir. Vyetnam Kommunist Partiyasının nümayəndələri, o cümlədən Mərkəzi Komitənin üzvləri, 2012, 2014 və 2017-ci illərdə Azərbaycana səfərlər etmiş, Yeni Azərbaycan Partiyasının nümayəndələri isə 2013, 2015 və 2018-ci illərdə Vyetnamda rəsmi səfərlərdə olmuşdur.
Dövlət başçısı Azərbaycanın Vyetnam ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, siyasi dialoqun intensiv xarakter aldığını, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin formalaşdığını bildirdi. Azərbaycan ilə Vyetnam arasında BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı.
Mədəni və humanitar əlaqələr Azərbaycan və Vyetnam xalqları arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. 2015-ci ildə Hanoyda yaradılan Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi mədəni tədbirlərin təşkilində fəal rol oynayır. 2015-ci ildə Bakıda və 2017-ci ildə Vung Tau şəhərində keçirilən Azərbaycan-Vyetnam Dostluq Forumları iki ölkənin mədəni irsinin təbliğinə töhfə vermişdir.
Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə Azərbaycan və Vyetnam arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu göstərir. İki ölkənin birgə səyləri regional sülhə, sabitliyə və iqtisadi tərəqqiyə töhfə verərək, qarşılıqlı faydalı tərəfdaşlığın yeni üfüqlərini açacaqdır.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini