
İnsan üçün doğma torpaq yalnız yaşadığı məkan deyil. O, ailə xatirələrinin, uşaqlıq illərinin, ata-baba yadigarlarının və milli yaddaşın daşıyıcısıdır. Buna görə illərlə doğma yurdlarından uzaqda yaşayan insanların Qarabağa qayıdışı sadəcə coğrafi yerdəyişmə kimi qiymətləndirilə bilməz. Böyük Qayıdış Azərbaycan tarixinin insan taleyinə toxunan ən mühüm proseslərindən biridir. Bu qayıdışın arxasında dövlətin böyük quruculuq proqramı dayanır.
Qayıdış üçün əvvəlcə təhlükəsiz və yaşayış üçün əlverişli mühit yaradılmalıdır. Bunun üçün yolların çəkilməsi, yaşayış evlərinin tikilməsi, enerji və su təminatının qurulması, məktəb və tibb müəssisələrinin yaradılması vacibdir. Qarabağda aparılan layihələr də məhz bu məqsədə xidmət edir. Xocalıda insanların doğma şəhərlərinə qayıtması bu prosesin artıq real nəticəyə çevrildiyini göstərir. Qayıdan ailələrin yerləşdirilməsi ilə yanaşı, onların gündəlik həyat üçün zəruri xidmətlərlə təmin olunması istiqamətində də işlər görülür.
Böyük Qayıdışın ən mühüm xüsusiyyəti onun yalnız keçmişə dönüş olmamasıdır. İnsanlar doğma torpaqlarına qayıdarkən yeni həyat qururlar. Uşaqlar yeni məktəblərdə təhsil alacaq, gənclər yeni iş imkanlarından istifadə edəcək, ailələr müasir yaşayış məkanlarında məskunlaşacaq. Bu mənada Qarabağa qayıdış keçmişdəki həyatın olduğu kimi bərpasından daha çox, yeni həyatın yaradılması prosesidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də gələcəkdə bu böyük qayıdış prosesinin mühüm ünvanlarına çevriləcək. Şəhərlərin bərpası ilə yanaşı, onların sosial, iqtisadi və mədəni həyatının yenidən formalaşdırılması da mühüm məsələdir. Böyük Qayıdışın əsl mənası insanın yalnız evinə deyil, öz gələcəyinə qayıtmasıdır.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



