AnalitikaGündəmSiyasət

Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir

Müstəqillik qazandığı ilk illərdən etibarən Qazaxıstan beynəlxalq aləmdə sülhsevər və etibarlı tərəfdaş kimi tanınmağa başlamışdır. Ulu öndər Nursultan Nazarbayevin əsasını qoyduğu çoxvektorlu xarici siyasət kursu sayəsində ölkə həm Qərb, həm Şərq, həm də regional dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində əlaqələr qurmuşdur.Hazırda Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın beynəlxalq mövqeləri daha da möhkəmlənir. Ölkə sabitlik, diplomatik balans və qlobal dialoqa sadiqlik prinsiplərini qoruyaraq beynəlxalq münasibətlərdə mühüm aktora çevrilmişdir.

Qazaxıstan Birləşmiş Millətlər Təşkilatı, ATƏT, MDB, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda fəal iştirak edir. Xüsusilə, nüvə silahlarından könüllü imtina etməsi və qlobal nüvəsizləşmə prosesinə verdiyi töhfə dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Ölkənin paytaxtı Astana artıq beynəlxalq diplomatiya mərkəzinə çevrilib. Burada Astana Sülh danışıqları, Dinlərarası dialoq forumları və qlobal iqtisadi sammitlər mütəmadi olaraq keçirilir. Bu, Qazaxıstanın beynəlxalq etimad mühitində mühüm rol oynadığını sübut edir.Qazaxıstan həmçinin Türk dünyasının birliyinin güclənməsində, Mərkəzi Asiyada sabitliyin qorunmasında və beynəlxalq enerji təhlükəsizliyinin təminində əhəmiyyətli paya malikdir. Ölkənin enerji resurslarının ədalətli bölüşdürülməsi və etibarlı nəqli onun strateji əhəmiyyətini artırır.Qazaxıstanın insani diplomatiyası da diqqətəlayiqdir. Ölkə BMT-nin humanitar təşəbbüslərinə dəstək verir, beynəlxalq səviyyədə sülh və tolerantlıq mədəniyyətinin yayılmasına töhfə göstərir.

Kasım-Jomart Tokayevin “Ədalətli Qazaxıstan” konsepsiyası ölkənin həm daxili sabitliyini, həm də xarici arenada nüfuzunu daha da gücləndirir. Qazaxıstan indi artıq təkcə regional deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur.Qazaxıstanın beynəlxalq nüfuzunun artması Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığa da müsbət təsir göstərir. Azərbaycan, Türkiyə, Özbəkistan və digər qardaş dövlətlərlə əlaqələrin möhkəmlənməsi bütün türk dünyasının beynəlxalq mövqelərini gücləndirir.

Nəticə etibarilə, Qazaxıstan bu gün sülhün, sabitliyin və diplomatik müdrikliyin simvoluna çevrilmişdir. Onun uğurlu xarici siyasəti, beynəlxalq əməkdaşlığa açıq mövqeyi və qlobal proseslərdə fəal iştirakı ölkənin nüfuzunu daha da yüksəldir.Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq münasibətləri tarixən dərin köklərə malikdir. Bu münasibətlər həm siyasi, həm də mədəni və humanitar sahələrdə yüksək səviyyədə inkişaf edir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsindən sonra Qazaxıstan Respublikası Qarabağın bərpası və yenidən qurulması prosesində Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir.

Qazaxıstan dövləti, Azərbaycan xalqının sevincini bölüşərək, azad edilmiş ərazilərin dirçəlişinə öz real töhfəsini vermişdir. Qardaş ölkə Füzuli şəhərində Qazaxıstan adına 240 şagird yerlik məktəbin tikintisini həyata keçirmişdir. Bu addım iki xalq arasında dostluğun, qarşılıqlı hörmətin və bir-birinə mənəvi dəstəyin bariz nümunəsidir.Qazaxıstanın göstərdiyi yardım təkcə tikinti layihəsi ilə məhdudlaşmır. Bu, həm də bölgədə təhsil, elm və gələcək nəsillərin inkişafına yönəlmiş strateji dəstəkdir. Qazaxıstan rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq işidir.

Bu təşəbbüslər Türk Dövlətləri Təşkilatının çərçivəsində formalaşan həmrəyliyin və qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edir. Qazaxıstanın Qarabağa dəstəyi bir daha sübut etdi ki, Türk dünyasının birliyi sözlə deyil, əməl ilə ifadə olunur.Azərbaycan xalqı bu mənəvi və maddi yardımı yüksək qiymətləndirir. Füzulidə inşa edilən Qazaxıstan məktəbi həm də iki ölkə arasında dostluğun simvoluna çevrilmişdir.Qazaxıstanın Qarabağın dirçəlişinə verdiyi dəstək, gələcəkdə bölgədə sülhün, sabitliyin və inkişafın bərqərar olmasına mühüm töhfə verəcəkdir.

Əlizadə Günel,
Yeni Azərbaycan Partiyası,məsləhətçi                              

Oxşar Xəbərlər

Back to top button