
Qubadlının azad olunması uğrunda gedən döyüşlər Azərbaycan əsgərinin unikal igidlik və fədakarlıq nümunələrindən biri oldu. Düşmənin illərlə qurduğu mühəndis-istehkam qurğularını yarmaq və ərazini təmizləmək misilsiz cəsarət tələb edirdi. Azərbaycan hərbçiləri hər qarış torpaq uğrunda canlarından keçməyə hazır olduğunu döyüş meydanında sübut etdilər.
Döyüşlərdə iştirak edən əsgər və zabitlərimiz düşmənin güclü atəş nöqtələrini susduraraq irəliləyirdilər. Onların yüksək mənəvi-psixoloji hazırlığı və Vətən sevgisi hər cür çətinliyin öhdəsindən gəlməyə kömək edirdi. Qubadlı dağlarında yazılan qəhrəmanlıq dastanları gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
Əsgərlərimizin göstərdiyi şücaət nəticəsində düşmən həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qaldı. Onlar vahimə içində geri çəkilməyə məcbur oldular və qoyub qaçdıqları hərbi texnikalar Azərbaycan Ordusunun qənimətinə çevrildi. Bu qələbə məhz qəhrəman oğullarımızın qanı və canı bahasına əldə olundu.
Vətən müharibəsi qəhrəmanları arasında Qubadlı döyüşlərində fərqlənən hərbçilərimizin adı həmişə minnətdarlıqla çəkiləcəkdir. Onların göstərdiyi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşlar. Qubadlı torpağı bu igidlərin qəhrəmanlığı sayəsində yenidən azadlığına qovuşdu.
Ramin Ələkbərov,
YAP Nizami rayon təşkilatının fəalı



