Analitika

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır

“Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ümumiyyətlə, ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb:

“Bu gün dünyada əsas böhranlardan biri olan iqtisadi tənəzzül birgə fəaliyyətin zəruriliyini nümayiş etdirir. Bu səbəbdən Qoşulmama Hərəkatı daxilində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin qurulması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq iqtisadi böhranların nəticələrini azaltmaq üçün ölkələrin çoxtərəfli əməkdaşlığına töhfə verməyə sadiqdir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü hərəkatın həmrəyliyinin simvoludur, bərabərsizliyə qarşı birgə mübarizə aparmağın vacibliyinin göstəricisidir.

Rəşadət Xalıqov həmçinin qeyd edib ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı hazırda  Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də Hərəkatın dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcəyinə şübhə yoxdur.

Oxşar Xəbərlər

Back to top button