Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın apardığı obyektiv siyasətin bir daha dünyaya açılışı oldu

Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə uğurla ev sahibliyi edərək, yenidən dünyanın diqqətini özünə yönəltməyi bacardı. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri – Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və digərləri qatılıb. Tədbirə belə böyük diqqəti şərtləndirən faktorlardan biri də Azərbaycanın özü ilə bağlıdır. Məhz ölkəmiz sayəsində Qoşulmama Hərəkatı özünün yeni inkişaf mərhələsini yaşayıb. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi edib və bu tədbirdə prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Azərbaycanın sədrliyinin koronavirus pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Qoşulmama Hərəkatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycan bu Hərəkata sədrliyi ilə əlaqədar atdığı addımlarla dövlətimizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq norma və prinsiplərin ədalətli tətbiqinə verdiyi töhfələri bütün dünyanın diqqətinə çatdırmış oldu. Özbəkistan prezidenti Şavkat Mirziyoyev bütün bunlar fonunda qeyd edir ki, Azərbaycanın uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının nüfuzu artıb.Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə bu Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında buna toxunan prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığını vurğulayıb.Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır . Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür. Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının qlobal proseslərdə rolunun artmasının tərəfdarıdır. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir. Dövlət başçısı qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Bundan başqa, prezident İlham Əliyev daha bir maraqlı məqama diqqət çəkib: Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir. BMT Təhlükəsizlik Şurasında islahatların da vacibliyindən danışan Azərbaycan prezidenti bu fonda daha bir mühüm təklif səsləndirərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bütün bunlar artıq dünya miqyasında da xüsusi maraq doğurur və böyük diqqətə səbəbə olur.
Aynur Həsənova,
YAP-ın gənc fəalı