Analitika

Regionda Azərbaycan yeganə ölkədir ki, Rumıniyanın strateji tərəfdaşıdır

Zəngin mədəniyyətə  və tarixə malik olan Rumıniya Avropanın tarixində olduğu kimi, dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsi lehinə çıxış edir. Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olmasından da görmək olar. Azərbaycan ilə qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulmuşdur. Azərbaycan hökmdarı Həsən şahın dövründən başlayan bu əlaqələr  Səfəvilərin hakimiyyəti illərində də davam etmişdir. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanımışdır. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur. İki ölkə arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda “Azərbaycan-Rumıniya dostluq cəmiyyəti”, Buxarestdə isə “Rom-Azer” Rumıniya – Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Təhsil sahəsində əlaqələr də uğurla inkişaf etdirilir. Azərbaycan Dillər Universitetində rumın dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Hər iki xalq güclü tarixin sınağından çıxmış dostluq əlaqələri və ortaq dəyərlərlə bir-birilərinə sıx bağlıdır. Regionda Azərbaycan yeganə ölkədir ki, Rumıniyanın strateji tərəfdaşıdır. Azərbaycan Cənubi Qafqazda qardaş Rumıniyanın ən böyük iqtisadi tərəfdaşıdır. Azərbaycan-Rumıniya tərəfdaşlığı və birgə beynəlxalq layihələrin həyata keçirilməsi Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır.

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button