AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Azərbaycan və Avropa İttifaqı müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsini yaşayır

“2026-cı il martın 11-də Azərbaycana səfər edən Antonio Costa ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev tərəfindən verilən bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyətini və çoxşaxəli inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Bu bəyanat regional təhlükəsizlik, enerji siyasəti və iqtisadi inteqrasiya baxımından yeni perspektivləri ortaya qoydu. Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, Azərbaycan və Avropa İttifaqı müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsini yaşayır. Son illərdə Avropa Komissiyası nümayəndələrinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlı xarakter alması və iqtisadi əməkdaşlığın genişlənməsi bu münasibətlərin sistemli şəkildə inkişaf etdiyini göstərir. Statistik göstəricilər də bu dinamikanı təsdiqləyir. Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizinin Avropa İttifaqı ilə bağlı olması Aİ-nin ölkəmiz üçün əsas iqtisadi tərəfdaş olduğunu nümayiş etdirir. Bu isə investisiya, sənaye və digər iqtisadi sahələrdə qarşılıqlı maraqların genişlənməsi üçün mühüm zəmin yaradır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən biri enerji sahəsidir. 2022-ci ildə imzalanmış strateji enerji tərəfdaşlığı sənədi bu münasibətləri yeni mərhələyə qaldırdı. Bu gün artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır və ümumilikdə 16 ölkə Azərbaycan qazının istehlakçısına çevrilib. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş olduğunu sübut edir. Boru kəmərləri vasitəsilə qaz təchizatının geniş coğrafiyanı əhatə etməsi Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın iki-üç il ərzində yeni yataqlardan hasilatın başlanması sayəsində qaz ixracı minimum 10 milyard kubmetr artırılacaq ki, bu da Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Enerji əməkdaşlığı təkcə karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan paralel olaraq bərpaolunan enerji sektorunun inkişafına böyük investisiyalar yatırır. Külək, Günəş və su elektrik enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji strategiyasını diversifikasiya edir.

“Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri regionda sülh prosesinin inkişafı ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, ölkə faktiki olaraq yalnız son yeddi ay ərzində tam sülh şəraitində yaşayır. Ermənistanla paraflanmış sülh sazişi regionda yeni geosiyasi reallıq formalaşdırır. Azərbaycan artıq praktiki addımlar ataraq sülh prosesinin real nəticələrə çevrilməsinə çalışır. Ermənistana neft məhsullarının təchizatına başlanması, Azərbaycan ərazisi vasitəsilə yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və iqtisadi əməkdaşlıq imkanlarının açılması ölkəmizin sülhə sadiqliyinin bariz göstəricisidir”.

Onun sözlərinə görə, regional sabitliyin möhkəmlənməsi eyni zamanda nəqliyyat və logistika layihələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında strateji ticarət marşrutunun formalaşmasında Azərbaycanın rolunu daha da artırır. Bu dəhliz vasitəsilə daşımaların genişlənməsi geosiyasi baxımdan Azərbaycanın beynəlxalq mövqelərini gücləndirir.

Rəşadət Xalıqov əlavə edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji məzmununu bir daha təsdiqlədi. Enerji təhlükəsizliyi, bərpaolunan enerji, ticarət və nəqliyyat layihələri sahəsində əməkdaşlıq bu tərəfdaşlığı daha da gücləndirir. Eyni zamanda regionda sülh prosesinin irəliləməsi Azərbaycanın beynəlxalq siyasətdə konstruktiv və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar göstərir ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal miqyasda mühüm strateji aktora çevrilməkdə davam edir.

Oxşar Xəbərlər

Back to top button