
“Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, müstəqilliyimizin möhkəmlənməsi və xalqımızın öz taleyinə sahib çıxması baxımından misilsiz əhəmiyyət daşıyır. Bu gün milli yaddaşın və dirçəlişin rəmzidir. Bu günün tarixi məzmunu ölkəmizin 1990-cı illərin əvvəllərində yaşadığı dərin siyasi, iqtisadi və sosial böhran fonunda daha da aydın görünür”.
Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən istefasından sonra Azərbaycanda siyasi xaos baş qaldırdı. Onun yoxluğunda erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağla bağlı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Hakimiyyətdə təcrübəsiz qüvvələrin – AXC-Müsavat cütlüyünün – səriştəsiz idarəetməsi, ölkəni anarxiya, vətəndaş qarşıdurması, iqtisadi tənəzzül və torpaq itkisi ilə üz-üzə qoydu. 1993-cü ilin iyun ayında Azərbaycan artıq parçalanmaq təhlükəsi qarşısında idi. Əhalinin əksəriyyəti ayrı-ayrı bölgələrdə silahlı dəstələrin özbaşınalığından əziyyət çəkirdi. Məhz belə bir şəraitdə xalqın qurtuluş ümidləri yalnız Heydər Əliyevlə bağlı idi. Onun Bakıya qayıdışı və Ali Sovetin sədri seçilməsi ölkəni dağılmaqdan xilas etdi, sabitlik və inkişaf üçün möhkəm təməl yaratdı.
“Ulu Öndərimiz Heydər Əliyev qısa müddətdə ölkədə asayişi bərpa etdi, dövlət institutlarını yenidən formalaşdırdı, ordu quruculuğuna start verdi, atəşkəsə nail oldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişi üçün yeni dövr başlandı. Qanunsuz silahlı qrupların zərərsizləşdirilməsi, Konstitusiyanın qəbul edilməsi, çoxpartiyalı siyasi sistemin yaradılması ölkənin gələcək inkişafının əsasını qoydu. 1993-2003-cü illər ərzində atılan addımlar bu günkü güclü Azərbaycanın formalaşmasına xidmət etdi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, sosial-iqtisadi islahatlar dərinləşdirildi. Bu dövr müasir Azərbaycanın qurulmasının ilkin mərhələsi idi”. – deyən Rəşadət Xalıqov bildirib ki, Heydər Əliyev təkcə dövlətin qurucusu deyil, həm də xalqın mənəvi dayaq nöqtəsinə çevrilmiş şəxsiyyət idi. O, hər zaman andına sadiq qaldı və deyirdi ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm.
Onun sözlərinə görə, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, Şuşada, Laçında və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağını dalğalandırmışdır. Bu Zəfər – Qurtuluş Gününün strateji davamı, Heydər Əliyev ideyalarının qələbəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Bu dönüş Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsinin başlanğıcı oldu. 15 İyun – sadəcə bir qurtuluş günü deyil, həm də Azərbaycanın gələcəyinə verilmiş öhdəliyin, xalqın öz iradəsinə sahib çıxmasının rəmzidir.