
“15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək regionda yeni siyasi reallıqlar yaratdı. Şuşa Bəyannaməsinin mahiyyətini tam anlamaq üçün Azərbaycan–Türkiyə münasibətlərinin tarixi inkişaf yoluna nəzər salmaq vacibdir. Bu münasibətlərin möhkəm təməli Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə formalaşıb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirərkən milli maraqlara əsaslanan xarici siyasətin, xüsusilə Türkiyə ilə strateji əlaqələrin xüsusi əhəmiyyət daşıdığını daim vurğulayırdı”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ulu Öndərin “bir millət, iki dövlət” fəlsəfəsi Azərbaycan–Türkiyə münasibətlərinin siyasi və mənəvi əsasına çevrildi. Onun rəhbərliyi dövründə ölkələrimiz arasında qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq və regional layihələr sahəsində mühüm addımlar atıldı. Bu siyasət Azərbaycan dövlətçiliyinin güclənməsinə və ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verdi. Ulu Öndər Heydər Əliyevin qurduğu dövlət strategiyası sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını əsas götürərək həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə güclü və müstəqil dövlət modelini davam etdirdi. Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas istiqamətlərindən biri Azərbaycan–Türkiyə münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması oldu. 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırdı.
“Şuşa Bəyannaməsinin məhz Qarabağın incisi olan Şuşada imzalanması xüsusi siyasi məna daşıyır. Şuşanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, xalqımızın tarixi ədaləti təmin etməsinin simvoluna çevrildi. Bu şəhərdə imzalanan sənəd Azərbaycanın suverenliyinin, milli iradəsinin və regionda artan rolunun göstəricisi oldu. Bəyannamə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəltdi. Azərbaycan və Türkiyə arasında qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi regionda sabitlik və təhlükəsizlik baxımından mühüm faktor oldu. Sənədin digər mühüm istiqaməti iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi strateji layihələr ölkələrimizin regional və beynəlxalq əhəmiyyətini artırır, Şərq ilə Qərb arasında mühüm bağlantı imkanları yaradır”.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi həm də Azərbaycanın güclənən diplomatik mövqeyinin göstəricisidir. Bu sənəd göstərir ki, dövlətlərin tarixi dostluğu siyasi iradə və düzgün strategiya ilə uzunmüddətli müttəfiqliyə çevrilə bilər. Bu gün Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin və Prezident İlham Əliyevin həyata keçirdiyi strateji siyasətin mühüm nəticələrindən biri kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi əsaslar və Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, milli maraqlarının daha effektiv müdafiəsinə imkan yaradıb. Şuşa Bəyannaməsi Azərbaycanın müasir tarixində qardaşlıq münasibətlərinin diplomatik sənədə çevrildiyi, dövlətçilik iradəsinin və strateji tərəfdaşlığın nümayiş olunduğu mühüm mərhələdir. Bu sənəd gələcək nəsillər üçün Azərbaycan–Türkiyə birliyinin siyasi simvollarından biri olaraq qalacaq.



