
Bir bahar günündə dünyaya göz açan, həyatının bütün illərini bahar ömrü yaşadığı üçün elə baharda da dünyadan köçən Zərifə xanım Əliyeva görkəmli həkim, sədaqətli və mehriban həyat yoldaşı, qayğıkeş ana, əsl insan kimi hər an gözəl duyğularla anılır.
Zərifə xanım Əliyeva qədim Naxçıvan diyarında, Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdı. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdı. Zəngin təhsil ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdi.
O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası, tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyini ixtisas kimi seçməsi onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdi.
Tələbəlik həyatının ilk günlərindən fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı və sadəliyi, insanpərvərliyi və vətənpərvərliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdi.
Fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və O, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Zərifə xanımın timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim, həqiqətən, xarüqələr yaratmaq iqtidarındadır. Zərifə xanım Əliyeva ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdı. Onun başlıca məqsədi nəyin bahasına olursa-olsun, tezliklə Azərbaycanda traxoma xəstəliyini törədən səbəbləri aşkar edib aradan qaldırmaq, optimal müalicə üsullarını tapmaq, müvafiq profilaktik tədbirləri vaxtında həyata keçirməkdən ibarət idi. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi ağır zəhmət və uzunmüddətli vaxt tələb edirdi.
Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstəliyin qarşısının alınmasında başlıca rol oynamışdır.
YAP Xəzər rayon təşkilatının fəalı ,
Mehriban Nadirova



