MaraqlıSosial

Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində ilk parlamentli respublika idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu dövlət demokratik idarəçilik, hüquqi bərabərlik və vətəndaş azadlıqları sahəsində mühüm islahatlar həyata keçirdi. Həmin islahatlardan ən mühümü qadınlara seçmək və seçilmək hüququnun verilməsi idi.

1918-ci ilin noyabrında qəbul edilən seçki qanununa əsasən, 20 yaşına çatmış bütün vətəndaşlara seçkilərdə iştirak hüququ verildi. Bu hüquq qadınlara da şamil edildi. Beləliklə, Azərbaycan qadınları kişilərlə bərabər siyasi hüquqlara sahib oldular. Bu addım təkcə Şərq üçün deyil, dünya miqyasında da çox irəli bir qərar idi.

Bir çox Avropa ölkələrində qadınlara seçki hüququ daha gec verilmişdir. Məsələn, bəzi inkişaf etmiş dövlətlərdə qadınlar yalnız 1920–1940-cı illərdə səsvermə hüququ əldə etmişdilər. Azərbaycan isə 1918-ci ildə bu hüququ təmin etmişdi. Bu fakt AXC-nin nə qədər müasir və demokratik düşüncəyə malik olduğunu göstərir.

XX əsrin əvvəll\ğö rində Azərbaycanda maarifçilik hərəkatı geniş yayılmışdı. Qız məktəblərinin açılması, qadın təhsilinin inkişafı və mətbuatın rolu qadınların ictimai fəallığını artırmışdı. Məhz bu zəmin üzərində qadınlara siyasi hüquqların verilməsi mümkün oldu.

Bu qərar qadınların cəmiyyətin passiv üzvü deyil, dövlət quruculuğunda fəal iştirak edən vətəndaş kimi qəbul edildiyini göstərirdi. Qadınların seçki hüququ onların sosial statusunun yüksəlməsinə, təhsil və mədəniyyət sahəsində daha geniş iştirakına yol açdı.

1920-ci ildə AXC süqut etsə də, onun qoyduğu demokratik irs Azərbaycan tarixində silinməz iz buraxdı. Qadınlara seçib-seçilmək hüququnun verilməsi bu irsin ən mühüm nailiyyətlərindən biri hesab olunur.

Bu gün müstəqil Azərbaycan Respublikasında gender bərabərliyi prinsipi Konstitusiyada təsbit olunmuşdur və qadınlar dövlət idarəçiliyində, parlamentdə və digər sahələrdə fəal iştirak edirlər. Bütün bunların tarixi kökü məhz 1918-ci ildə atılmış cəsarətli və mütərəqqi addıma dayanır.

Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycanda verilməsi xalqımızın demokratik düşüncə tərzinin, maarifçilik ənənələrinin və müasir dövlətçilik  ideyalarının bariz nümunəsidir. Bu hadisə Azərbaycan tarixinin ən qürurverici səhifələrindən biridir və ölkəmizin dünya demokratiya tarixində xüsusi yer tutduğunu sübut edir.

 Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası , məsləhətçi

Oxşar Xəbərlər

Back to top button