
Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə müsahibəsi Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişaf dinamikası və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərinin dəyərləndirilməsi baxımından mühüm önəm kəsb edir. Müsahibədə dövlətimizin başçısı ölkələrimizi birləşdirən tarixi əlaqələr, həmçinin enerji, ticarət, mədəniyyət, təhsil və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi kompleks məsələlərə dair fikirlər söyləyib.
Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin əsası hələ XX əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama etdiyi səfər bu münasibətlərin ideoloji-siyasi əsaslarını formalaşdırıb. Son dövrlərdə ölkələrarası münasibətlərin yüksələn xətt üzrə inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri müstəsna rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Hanoya dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Bakıya rəsmi səfəri siyasi dialoqun intensivləşməsinə mühüm töhfə verib. Dost ölkənin dövlət başçısının həmin səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə keçirilən Birinci Azərbaycan-Vyetnam biznes forumu iqtisadi və ticari əlaqələrin genişləndirilməsində önəmli platformaya çevrilib. Bu gün uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr də məhz bu prizmadan dəyərləndirilməlidir. Mayın 6-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri ərəfəsində Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibənin ruhu və dünən səfərin yekunları ilə bağlı mətbuata bəyanatının tezisləri iki ölkə arasındakı əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoyduğuna dəlalət edir. Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – «PetroVietnam» və «Vietsovpetro» arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir.
Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Azərbaycan–Vyetnam münasibətləri bugünkü mərhələdə təkcə diplomatik deyil, eyni zamanda çoxşaxəli strateji əməkdaşlıq modeli kimi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibəsində yer alan fikirlər göstərir ki, bu münasibətlər qarşılıqlı etimada, ortaq dəyərlərə və möhkəm siyasi iradəyə əsaslanır. Siyasi, iqtisadi, təhsil, humanitar və turizm sahələrində həyata keçirilən layihələr Azərbaycan ilə Vyetnam arasında tərəfdaşlığı gələcək nəsillər üçün davamlı və faydalı platformaya çevirməyə imkan verir. Dövlətlərimiz arasındakı münasibətlər regionlararası inteqrasiya və qlobal əməkdaşlığın uğurlu nümunəsi kimi diqqət mərkəzində qalmaqda davam edir. İnanıram ki, Vyetnam Kommunist Partiyasının Baş katibi cənab To Lamın səfəri isə bu strateji kursa yeni impuls verərək Azərbaycan–Vyetnam münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyacaq.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi