Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb

“Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Qeyd edək ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. İslahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir:
“Cənab Prezident İlham Əliyevin siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi yeni siyasi münasibətlərin formalaşması və inkişafı konteksində xüsusi önəm kəsb edir. Parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi islahatla yolu ilə inkişafı təmin etməyə hesablanmış daha bir konstruktik əməkdaşlıq nümunəsidir. Eyni zamanda bu proses milli həmrəyliyi gücləndirən çox mühüm vasitədir”.
Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Vətən müharibəsi zaman həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə milli maraqların qorunması istiqamətində fəallıq nümayiş etdiriblər. Yeni mərhələdə siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir.