AnalitikaGündəmSiyasət

Slovakiya və Azərbaycan- dost ölkələr və strateji tərəfdaşlar!

Dekabr ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan-Slovakiya münasibətləri, əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb. Hər iki dövlət arasında əlaqələr hazırda sürətlə inkişaf etməkdədir.

Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti bəyan edib: “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.” Eyni zamanda Dövlət başçısı keçən il Slovakiya ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iki ölkə arasında əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasında böyük rol oynadığını bildirib və həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyini qeyd edib.

İki ölkə arasında ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Azərbaycan Prezidenti qeyd edib ki, “Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.”

İki ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.

Slovakiyada sabitlik, iqtisadi inkişaf hökm südüyünü, ölkənin çox güclü sənaye potensialına malik olduğunu və müstəqil xarici siyasət apardığını bildirən İlham Əliyev Azərbaycanın da öz xarici siyasət prioritetlərini çoxdan müəyyən etdiyini söyləyib: “Biz bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.”

Eyni zamanda Azərbaycan Prezidenti Slovakiya ilə Azərbaycan arasındakı nəqliyyat sahəsinin inkişafına xüsusi diqqət ayrılmasını önə çəkib, bu sahənin çox böyük potensialı olduğunu qeyd edib.

İki ölkə arasında informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması məsələsinə toxunan İlham Əliyev bu istiqamətdə Slovakiya şirkətləri ilə çalışmaq fikrində olduğunu bildirib.

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Oxşar Xəbərlər

Back to top button