
Azərbaycan hər zaman beynəlxalq hüququn və bölgədə davamlı sülhün ən böyük tərəfdarı olmuşdur. 30 il ərzində həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin ağrılarını yaşayan xalqımız artıq bir ildən azdır ki, tam sülh şəraitində yaşayır və inkişafın, investisiyaların bəhrəsini görür. Dövlət başçısı vurğulayır ki, Azərbaycan müharibəni sonsuz etməmək, günahsız qurbanların qarşısını almaq üçün suverenliyini bərpa etdikdən sonra məsuliyyət və müdriklik nümayiş etdirərək lazımi anda dayanmışdır. Təsadüfi deyil ki, Azərbaycan eyni prinsiplərdən çıxış edərək, Ukraynanın da ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyir. Çünki heç bir dövlətin sərhədləri zorla və ya xalqın razılığı olmadan dəyişdirilə bilməz.
Bütün bu sülhsevər siyasətə baxmayaraq, beynəlxalq arenada ədalətsizliklər hələ də davam edir. Xüsusilə Fransanın ölkəmizə qarşı apardığı qərəzli siyasət və qondarma “Dağlıq Qarabağ”a verdiyi əsassız dəstək beynəlxalq hüququn kobud pozuntusudur. Bununla yanaşı, Fransa öz dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniya, Polineziya və Martinika kimi bölgələrdə müstəmləkəçilik siyasətini davam etdirir. Azərbaycan isə Bakı Təşəbbüs Qrupu vasitəsilə bu xalqların səsini qlobal gündəliyə çıxarır. Azərbaycanın bu mövzulara həssas yanaşmasının əsas səbəbi ölkəmizin özünün də keçmişdə müstəmləkə şəraitində yaşaması və o dövrün ağır nəticələrini – təbii sərvətlərin talanmasını, ekoloji fəlakətləri öz üzərində hiss etməsidir. XXI əsrdə hər hansı bir xalqın öz iradəsi əleyhinə kənardan idarə olunması qəbuledilməzdir.
Qarşıda duran qlobal və regional təhdidlər fonunda Azərbaycan ancaq öz gücünə və dövlətinə güvənməlidir. Prezident İlham Əliyevin Azərbaycan xalqına və gənclərə ünvanladığı əsas mesaj da məhz bundan ibarətdir ki, milli kimlik və milli ləyaqət hər şeydən üstün olmalıdır. İşğal və dağıntılar görmüş xalqımız bu gün böyük Zəfərin və bərpa dövrünün qürurunu yaşayır. Lakin dünya dəyişir, yeni təhdidlər ortaya çıxır və bizi istəməyən qüvvələr heç vaxt öz çirkin niyyətlərindən əl çəkməyəcəklər. Buna görə də Azərbaycan cəmiyyətindəki sarsılmaz birlik daim qorunmalı, gələcək nəsillər Vətənə bağlı, iradəli və güclü yetişdirilməlidir. Yalnız bu halda Azərbaycan əbədi olaraq qalib, müstəqil və başqalarının diktəsi ilə hərəkət etməyən qürurlu bir dövlət kimi yaşaya bilər.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



