AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir

2021-ci il 15 iyun tarixində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” tarixi və strateji əhəmiyyətə malik sənəd kimi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu. Bu sənəd, yalnız iki dost və qardaş ölkə arasında əlaqələrin hüquqi-siyasi çərçivəyə salınması deyil, eyni zamanda regional və qlobal miqyasda mühüm siyasi siqnal kimi dəyərləndirildi. Bəyannamənin Qarabağın tacı hesab olunan Şuşa şəhərində imzalanması isə, onun rəmzi və tarixi gücünü daha da artırdı.

2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda güc balansını dəyişdi və yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək, iki ölkə arasında münasibətlərin nə qədər güclü olduğunu bir daha ortaya qoydu. Şuşa Bəyannaməsi məhz bu möhkəm təməl üzərində qurularaq, iki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmi şəkildə təsdiqlədi.

Bəyannamədə hərbi-siyasi əməkdaşlıq xüsusi yer tutur. Sənədə əsasən, Azərbaycan və Türkiyə gələcəkdə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinə qarşı yönəlmiş təhdidlərə qarşı birgə cavab verməyi öhdələrinə götürürlər. Bu müddəa iki ölkənin yalnız dost və tərəfdaş deyil, eyni zamanda hərbi müttəfiq olduğunu göstərir. Ortaq hərbi təlimlərin təşkili, müdafiə sənayesində əməkdaşlıq və qarşılıqlı hərbi dəstək məsələləri, bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayacaq. Bu cür əməkdaşlıq yalnız Cənubi Qafqaz deyil, ümumilikdə türk coğrafiyası üçün strateji əhəmiyyət kəsb edir.

Bəyannamənin mühüm hissələrindən biri də iqtisadi və nəqliyyat sahələrindəki əməkdaşlıqla bağlıdır. Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının və oradan Türkiyəyə birbaşa çıxışın təmin olunması məsələsi, regionun nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Bu layihə təkcə iki ölkə üçün deyil, həm də Orta Asiya, Cənubi Qafqaz və Avropa üçün genişmiqyaslı iqtisadi imkanlar vəd edir. Nəqliyyat, logistika və enerji layihələrinin reallaşması ilə türk dövlətləri arasında coğrafi inteqrasiya daha da sürətlənəcək.

Şuşa Bəyannaməsində təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində də əməkdaşlığın dərinləşdirilməsi öz əksini tapır. Bu, ortaq dəyərlərin və milli kimliyin qorunmasına, türk dünyası gəncləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir. Azərbaycan və Türkiyənin birgə təşkil edəcəyi mədəni tədbirlər, ortaq təhsil proqramları və universitetlərarası əməkdaşlıqlar gələcək nəsillərin də bu ittifaq ruhunda yetişməsinə zəmin yaradacaq.

Şuşa Bəyannaməsi yalnız iki ölkənin münasibətlərinin deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatının perspektivlərinin də genişlənməsinə şərait yaradır. Bu sənəd türk dünyasının geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilməsi istiqamətində atılmış real və hüquqi addımdır. İmzalanan sənəd eyni zamanda dünyaya açıq bir mesaj verir: Azərbaycan və Türkiyə təkcə tarixi və mədəni baxımdan deyil, həm də siyasi və hərbi baxımdan da bir-birinin yanında olacaq.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir. O, iki ölkənin ortaq tarixindən və qardaşlığından qaynaqlanan dostluğu rəsmi şəkildə yeni müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd, gələcək onilliklər ərzində regionun sabitliyi və inkişafı üçün yol xəritəsi olmaqla yanaşı, türk dünyasının birliyi və güclənməsi üçün də mühüm dayaqlardan biri olacaq. Şuşada imzalanan bu bəyannamə, tarixə yalnız sənəd kimi deyil, həm də xalqların iradəsinin ifadəsi və gələcəyə ümidli baxışın təzahürü kimi düşdü.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button