
2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar 15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu rəsmi şəkildə təsdiqləmişdir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu mühüm sənəd, Azərbaycan-Türkiyə əlaqələrinin təkcə dostluq və qardaşlıq üzərində deyil, həm də strateji və hərbi müttəfiqlik prinsiplərinə əsaslandığını hüquqi çərçivədə təsbit edir.Şuşa Bəyannaməsinin imzalanması, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən sonra regionda yaranmış yeni siyasi və təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir. Şuşa şəhərinin azad olunmasından sonra bu müqəddəs məkanda belə əhəmiyyətli sənədin imzalanması Azərbaycan xalqı üçün simvolik və strateji baxımdan xüsusi önəm daşıyır. Bu hadisə həm də Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirmişdir.Şuşa Bəyannaməsi geniş spektrdə əməkdaşlıq istiqamətlərini əhatə edir. Sənəddə təhlükəsizlik və müdafiə, regional sabitlik və sülh, iqtisadi inkişaf, nəqliyyat, enerji, mədəniyyət, təhsil, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. Ən önəmli müddəalardan biri isə tərəflərin biri üçün təhlükə yarandıqda digər tərəfin bu təhlükəyə qarşı birlikdə cavab verməyə hazır olmasıdır. Bu, Azərbaycan və Türkiyə arasında hərbi-siyasi sahədə də etibarlı və davamlı bir müttəfiqliyin formalaşdığını sübut edir.Bəyannamədə qeyd olunan əsas istiqamətlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı məsələlərdir. Hər iki ölkə bu dəhlizin açılmasını vacib geostrateji layihə kimi qiymətləndirir. Zəngəzur dəhlizi, Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşməsi ilə yanaşı, Türkiyə ilə daha birbaşa quru əlaqəsinin qurulmasına imkan verəcək. Bu isə həm regionun iqtisadi inteqrasiyasına, həm də Türk dünyasının birləşməsinə mühüm töhfə verəcək.Şuşa Bəyannaməsində mədəni və mənəvi sahələrə də xüsusi yer ayrılıb. Azərbaycan və Türkiyənin ortaq tarixi, dini, mədəni dəyərlərinin qorunması və təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, xalqlar arasında daha sıx münasibətlərin qurulmasına və gələcək nəsillərin milli ruhda tərbiyə olunmasına zəmin yaradır.Bu sənəd təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də regionda sülh, sabitlik və əməkdaşlıq mühitinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Ermənistanın və digər qonşu ölkələrin də bu əməkdaşlıq modelindən nəticə çıxarması və regionda daimi sülhün bərqərar olması üçün təşəbbüslərə qoşulması vacibdir.Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsidir. Bu sənəd, qardaşlıqdan doğan müttəfiqliyin rəsmi, hüquqi və praktik əsaslarını müəyyən edir. XXI əsrdə Türk dünyasının birliyi və güclənməsi istiqamətində mühüm addım olan bu bəyannamə, regionun gələcəyi üçün yol xəritəsi funksiyasını yerinə yetirir.
Günel Nəsibova
Yeni Azərbaycan Partiyası,məsləhətçi