AnalitikaGündəmSiyasət

Suverenliyimiz xalqımızın milli sərvətidir

20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin 19 sentyabr 2024-cü il Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu xaqımızın qaibiyyət tarixinə qızı hərflərlə yazılmış əlamətdar bir gündür.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıldı.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Uğurlu və peşəkarcasına çox qısa zaman kəsiyində həyata keçirilən antiterror nəticəsində düşmən ordusu təslim oldu və 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il 8 noyabr tarixində Zəfər bayramının 3-cü ildönümü münasibətilə Xankəndi şəhərində keçirilən paradda tarixi çıxışında söyləmişdir: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz, görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın gələcək strateji hədəflərinə yönəlmiş ideoloji-siyasi xəritənin, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün və tam suverenliyinin real təsviridir.

Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Həmidə Ələfsərova
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button