AnalitikaGündəmSiyasət

Tarixi qələbənin davamı

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Azərbaycan xalqının uzun və məşəqqətli mübarizəsinin nəticəsidir. Otuz ilə yaxın davam edən işğal, minlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edilən qələbə nəticəsində ölkəmizin tarixi torpaqları azad olundu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün rəsmi şəkildə qeyd olunması həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün əbədi və dönməz olduğunu göstərən rəmzi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlətimizin başçısı çıxışında qeyd etdi:

– Əziz həmvətənlər.
Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilmişdi. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunudu.

Milli Məclisdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil ediləcək. Yeni rayonun mərkəzinin isə bu ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb. Ağdərə rayonunun yaradılması çox mühüm hadisə oldu. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.

Digər mühüm bir hadisə 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bundan əlavə, həmin gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdü.

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Bu isə mənfur qonşularımıza növbəti göz dağı idi.

Xalqımızın qədim el bayramı Novruzun gəlişi ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də bayram şənliyi ilə qeyd olundu. Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etdi. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoydu. Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2000 kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq.

Görülən bütün bu işlər işğaldan azad edilmiş bölgələrimizə dövlət qayğısının bariz nümunəsidir. Aparılan bütün quruculuq işləri tarixi torpaqlarımızın çiçəklənməsi və dirçəlməsi naminə atılan uğurlu addımın nəticəsidir.

Azadə Musayeva
Xəzər rayonu, E.Şəmiyev adına 149 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button