
Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri bir daha bunun təsdiqi oldu.
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin növbəti təntənəsinə çevrildi. Bu mühüm tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət kursunun səmərəli nəticələrinin göstəricisidir. Azərbaycan artıq illərdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal mövqe tutur, strateji təşəbbüslərlə çıxış edir və üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün mühüm addımlar atır.Prezident İlham Əliyev, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatı olan COP29-dan bəhs etdi. Qeyd etdi ki, Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
Türk birliyinin daha da güclənməsinə böyük təkan olan, ölkə başçımız cənab İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türkdilli xalqların ürəyini dağa döndərir, onlar arasında yaxın dostluq və qardaşlıq əlaqələrini gücləndirir.
Kamalə Səfərova,
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri