
2025-ci il mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının birliyi və gələcək inkişaf istiqamətləri baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mühüm çıxış edərək, türk dövlətləri arasında iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha vurğulamışdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu gün türk dövlətləri üçün strateji əhəmiyyət daşıyan bir nəqliyyat qovşağı rolunu oynadığını bildirmişdir. Son illərdə həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi böyük infrastruktur layihələri Azərbaycanın regionda nəqliyyat və logistika mərkəzinə çevrilməsində mühüm rol oynamışdır. Bu layihələr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının iqtisadi maraqlarına xidmət edir.
Xüsusilə Orta Dəhliz layihəsinin əhəmiyyəti vurğulanmış və qeyd edilmişdir ki, bu dəhliz Avropa ilə Asiyanı birləşdirən ən qısa, təhlükəsiz və səmərəli marşrutlardan biridir. Bu marşrut vasitəsilə türk dövlətləri arasında iqtisadi əlaqələr genişlənir, ticarət dövriyyəsi artır və regional əməkdaşlıq daha da dərinləşir.
Cənab Prezident çıxışında Azərbaycanın Xəzər dənizindəki 50-dən çox ticarət gəmisindən ibarət güclü donanması barədə də məlumat vermiş, bu imkanların türk dövlətləri üçün tranzit və multimodal daşımalar baxımından yeni perspektivlər yaratdığını diqqətə çatdırmışdır. Belə bir potensial türk dövlətlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün mühüm əsasdır.
Prezident İlham Əliyev həmçinin nəqliyyat sahəsində əməkdaşlığın yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mədəni inteqrasiyanın möhkəmlənməsinə də töhfə verdiyini xüsusi qeyd etmişdir. Bu baxımdan Budapeşt Zirvə görüşündə qəbul olunmuş Bəyannamə türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə keçidinin siyasi iradəsini ifadə edən mühüm sənəd olmuşdur. Həmin sənəddə Azərbaycanın bu prosesdə aparıcı rolu da aydın şəkildə əks olunmuşdur.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan nəqliyyat sahəsindəki geniş imkanları, əlverişli coğrafi mövqeyi və güclü siyasi iradəsi ilə türk dövlətləri arasında birləşdirici körpü rolunu oynamaqdadır. Prezident İlham Əliyevin Budapeşt Zirvəsindəki çıxışı Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəal və lider mövqeyini bir daha nümayiş etdirmişdir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi üçün Azərbaycanın səyləri davam edəcək, türk dünyasının birliyi daha da möhkəmlənəcəkdir.
İsmayılova Qönçə,
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri