
2025-ci il mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mühüm çıxış etmişdir. Bu çıxışda türk dünyasının inteqrasiyası, iqtisadi əməkdaşlıq və xüsusilə nəqliyyat sahəsində birgə fəaliyyətin zəruriliyi ön planda tutulmuşdur. Cənab Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan bu gün türk dövlətləri üçün strateji əhəmiyyət daşıyan nəqliyyat qovşağı rolunu oynayır. Son illərdə həyata keçirilmiş infrastruktur layihələri Azərbaycanın bu sahədəki mövqeyini daha da gücləndirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Zəngəzur dəhlizi kimi layihələr təkcə ölkəmizin deyil, bütün türk dünyasının maraqlarına xidmət edir. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan üzərindən keçən Orta Dəhliz layihəsi Avropa ilə Asiyanı birləşdirən ən qısa, təhlükəsiz və səmərəli marşrutlardan biridir. Bu dəhliz vasitəsilə türk dövlətləri daha sıx iqtisadi əlaqələr qurur, ticarət dövriyyəsi artır və regional əməkdaşlıq dərinləşir. Prezident bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də siyasi və mədəni inteqrasiyanın möhkəmlənməsi baxımından mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisindən ibarət donanması da türk dövlətləri üçün tranzit imkanlarını daha da genişləndirir. Bu, Xəzər regionunda multimodal daşımaların inkişafı və daşımaların fasiləsiz həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu sahədə gördüyü işləri təqdim edərək, türk dövlətlərini birgə layihələrə daha fəal qoşulmağa çağırmışdır. Cənab Prezident həmçinin qeyd etmişdir ki, nəqliyyat sahəsində əməkdaşlıq türk dövlətləri arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsinin təməlini qoyur. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda türk xalqları arasında tarixi, mədəni və mənəvi bağların möhkəmlənməsinə xidmət edir. Budapeşt Zirvə görüşü nəticəsində qəbul edilmiş Bəyannamə də məhz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə dair siyasi iradənin ifadəsi olmuşdur. Bu sənəd türk dövlətləri arasında əlaqələrin yeni mərhələyə keçidini göstərən mühüm sənəddir və Azərbaycanın bu prosesdə aparıcı rolu açıq şəkildə əks olunmuşdur. Cənab Prezident İlham Əliyevin Budapeşt Zirvəsindəki çıxışı Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəal və lider mövqeyini bir daha nümayiş etdirdi. Azərbaycan nəqliyyat sahəsindəki geniş imkanları, strateji coğrafi mövqeyi və güclü siyasi iradəsi ilə türk dövlətləri arasında birləşdirici körpü rolunu oynamaqdadır. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi və möhkəmlənməsi üçün Azərbaycanın səyləri davam edəcəkdir.
Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri