
Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının birliyinin və əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.Bu sammit türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsinə xidmət etməklə yanaşı, regional və qlobal səviyyədə birlik və həmrəylik nümayişinin bariz nümunəsidir.
Qeyd olunmalıdır ki, bu Zirvə görüşü TDT tarixində ilk dəfə olaraq müşahidəçi statusuna malik bir ölkənin — Macarıstanın ev sahibliyi ilə baş tutub. Bu fakt Macarıstanın Türk dövlətləri ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. Eyni zamanda, sammitin Avropa məkanında keçirilməsi təşkilatın beynəlxalq miqyasda artan nüfuzunun sübutudur. Macarıstan 2018-ci ildən TDT-də müşahidəçi statusuna malikdir və təşkilata tam hüquqlu üzv olmaq niyyətindədir. Hal-hazırda TDT-nin Budapeştdə ofisi də fəaliyyət göstərir.
Sammit zamanı Prezident İlham Əliyev mühüm məqamlara toxunaraq, Azərbaycan ilə TDT üzv ölkələri arasında mövcud olan güclü əlaqələrdən danışıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu ölkələrə 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bununla yanaşı, nəqliyyat sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Azərbaycan nəqliyyat infrastrukturu sahəsində ciddi sərmayələr yatıraraq, açıq dənizlərə çıxışı olmasa da, Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Prezidentin bildirdiyinə görə, təkcə 2024-cü ildə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan ərazisindən tranzit daşımalarının həcmi 11 milyon ton təşkil edib. Bu fakt ölkənin geosiyasi və iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir.
Budapeşt sammitinin yekunu olaraq qəbul olunan Bəyannamədə Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına verdiyi töhfələr, eləcə də onların Avropa və Asiyanın mədəni və siyasi formalaşmasındakı rolu yüksək qiymətləndirilib. Sənəddə, həmçinin, dövlət başçılarının TDT-nin hüquqi əsasını təşkil edən Naxçıvan Sazişinin prinsiplərinə sarsılmaz sadiqliyi bir daha təsdiqlənib. Bəyannamədə “Türk Dünyası Xartiyası” Türk xalqlarının ortaq mədəniyyətini, dilini və tarixini birləşdirən çərçivə kimi qəbul olunub.
Qeyri-rəsmi zirvə görüşündə Azərbaycanın COP29-a uğurlu ev sahibliyi və bu istiqamətdə təşəbbüsləri, xüsusilə Bakı İqlim Birliyi Paktı təqdir olunub. Bundan əlavə, mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın liderliyi qeyd olunaraq, “Bakı Prosesi”nin uğuru vurğulanıb və 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəstək ifadə olunub.
Budapeşt sammiti Türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın və birliyin dərinləşməsinə mühüm töhfə verəcək. Bu tədbir Türk dünyasının həm regional, həm də qlobal arenada daha fəal və təsirli oyunçuya çevrilməsi yolunda atılmış növbəti strateji addımdır.
Namiq Hüseynov,
YAP Şuşa rayon təşkilatının 35 sayı ərazi partiya təşkilatının sədri