Analitika

Türk qardaşlığı

Türkün Türkdən başqa dostu yoxdur! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Ev sahibliyi edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük məmnuniyyətlə Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı. Görüşün açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”. Görüşün keçirilməsində məqsəd türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunmasıdır. Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılması üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına səbəb olacaq. Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələrin birlikdə uğurla həyata keçirildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan dedi: “Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar”. Görüş əsnasında Ali Baş Komandanımız İlham Əliyev bir sıra məsələlərə toxunmuşdur: Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozması və buna görə məsuliyyət daşımalı olduğunu, Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını dilə gətirmişdir. 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası çoxdan başlanıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin tikintisi, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunması əsl qardaşlıq jestidir.

Abdullazade Turkanə,
Xəzər rayonu 183 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button