Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

Dövlətlər çox olduğu kimi, dövlət başçıları da çoxdur. Amma bu reallığı etiraf edək ki, hər bir dövlətə onun bugününü və gələcəyini düşünən lider nəsib olmur. Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. Məhz qurulan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Bütün bu uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.
Bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi şəxsiyyət Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Azərbaycanın uğurlu gələcəyi naminə təkmil inkişaf konsepsiyasını hazırlayan və davamlı uğurlara imza atmasına nail olan dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsidir.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.
1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ölkəmizin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu, vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideyası idi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Ümummilli Lider Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirdi. Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Azərbaycanın “Əsrin Müqaviləsi”ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir”. “Əsrin Müqaviləsi”nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu.
1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə ölkədə demokratik islahatlar aparıldı. Müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi. Milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib.
Tarixi proseslerin sonraki gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də sonraki illərdə Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, Respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.
Xudai Aytən,
Xəzər rayonu, 262 nömrəli məktəbin müəllimi