
Azərbaycanın müasir tarixində xüsusi önəm kəsb edən 15 İyun – Milli Qurtuluş Günü, xalqımızın taleyində dönüş nöqtəsi olan əlamətdar bir gündür. Məhz 1993-cü ilin bu günü xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, Azərbaycan dövlətçiliyinin xilasının və müstəqilliyimizin möhkəmlənməsinin əsasını qoydu. Onun xilaskarlıq missiyası Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və ölkənin inkişafına, sabitliyinə yol açdı.
Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycan dövlətçiliyi ağır sınaqlarla üz-üzə qalmışdı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə siyasi böhran, iqtisadi tənəzzül və sosial qarışıqlıqlar içərisində idi. Ermənilərin torpaqlarımıza qarşı təcavüzü, torpaq itkiləri, orduda xaos, eyni zamanda daxildəki hakimiyyət çəkişmələri dövlətçiliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdu. Ölkədə anarxiya hökm sürür, vətəndaş müharibəsi təhlükəsi gündən-günə artırdı. Azərbaycan xalqı belə ağır bir vəziyyətdə nicat yolunu məhz Heydər Əliyev şəxsiyyətində gördü.
1993-cü ilin iyun ayında Gəncə hadisələri, ölkədəki xaos və siyasi böhran nəticəsində xalq Ulu Öndərə müraciət etdi. Naxçıvanda yaşayan Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu gün Azərbaycanın müasir tarixində “Milli Qurtuluş Günü” kimi qeyd olunur.
Heydər Əliyevin xilaskarlıq missiyası təkcə hakimiyyətə qayıdışı ilə bitmədi. O, qısa müddət ərzində ölkədəki anarxiyanı aradan qaldırdı, dövlət strukturlarını bərpa etdi, ordu quruculuğuna başladı. Xarici siyasətdə balanslı və müstəqil xətt müəyyənləşdirərək Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın enerji resursları dünya bazarına çıxarıldı, ölkəyə böyük investisiyalar gəldi. Eyni zamanda 1995-ci ildə qəbul olunan Konstitusiya və keçirilən demokratik seçkilər Azərbaycan dövlətçiliyinin əsasını möhkəmləndirdi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası həm də ideoloji bir xətti ehtiva edirdi. O, Azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə qaldırdı, milli birlik və həmrəylik çağırışları etdi. Heydər Əliyev müstəqilliyimizin dönməz və əbədi olacağını bəyan edərək bu yolda qətiyyətli addımlar atdı.
Bu gün Azərbaycan xalqı Ulu Öndərin xilaskarlıq missiyasının bəhrələrini görür. Onun başladığı yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə əldə olunan Qarabağ Zəfəri də məhz Heydər Əliyevin qoyduğu möhkəm təməlin nəticəsidir.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın azadlıq iradəsinin, milli həmrəyliyinin və xilaskar liderə olan inamının rəmzidir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan tarixində əbədi olaraq parlaq bir səhifə kimi qalacaq.
Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi