AnalitikaGündəmSosial

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyətləri danılmazdır

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli kimliyin, mədəniyyətin və dilin qorunması və inkişafı sahəsində misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan dili sadəcə bir ünsiyyət vasitəsi olmaqdan çıxaraq, dövlətçiliyin, milli şüurun və mənəvi birliyin əsas sütunlarından birinə çevrilmişdir. Ulu Öndər hər zaman ana dilinin qorunmasını strateji məsələ hesab etmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Sovet dövründə milli dillərin sıxışdırıldığı və rus dilinin üstünlük qazandığı bir zamanda, Heydər Əliyev 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, həmin dövr üçün çox cəsarətli və tarixi əhəmiyyətli bir addım idi. Konstitusiyanın müvafiq maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması, milli-mənəvi dəyərlərin qorunması yolunda mühüm dönüş nöqtəsi olmuşdur.1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu daha da möhkəmləndirmək və onun tətbiq dairəsini genişləndirmək üçün bir sıra mühüm qərarlar qəbul etmişdir. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş və bu, hüquqi baxımdan dilimizin statusunu tamamilə rəsmiləşdirmişdir.

Heydər Əliyev Azərbaycan dilinin zənginliyi, ifadə imkanları və tarixi dəyəri barədə çıxışlarında dəfələrlə vurğulamışdır ki, xalqın dili onun milli varlığının əsas təməlidir. O bildirirdi: “Dil hər bir xalqın milli varlığının əsas əlamətidir, onun mənəvi sərvətidir.” Bu fikirlər Ulu Öndərin ana dilinə nə qədər böyük önəm verdiyini açıq şəkildə nümayiş etdirir. 2001-ci ildə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu qanunla dövlət idarələrində, təhsil və mətbuatda Azərbaycan dilinin istifadəsi hüquqi əsaslara bağlandı və dilin qorunması, təbliği və inkişafı istiqamətində ciddi mexanizmlər formalaşdırıldı. Eyni zamanda, 2001-ci il 1 avqust tarixinin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunması da məhz onun təşəbbüsü ilə reallaşdı.Heydər Əliyevin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid də mühüm addımlardan biri olmuşdur. Bu dəyişiklik həm müstəqil dövlətin simvolu, həm də informasiya texnologiyaları dövrünə uyğunlaşma baxımından əhəmiyyət daşıyırdı.

Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində gördüyü işlər bu gün də öz bəhrəsini verməkdədir. Onun müəyyənləşdirdiyi strateji xətt bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir və Azərbaycan dili dünya azərbaycanlılarını birləşdirən, milli varlığımızı təcəssüm etdirən ən ali dəyər kimi yaşayır və inkişaf edir.

Sevinc Qəhrəmanova ,
YAP-ın gənc fəalı

 

Oxşar Xəbərlər

Back to top button