AnalitikaGündəmSiyasət

Xalqımıza qarşı törədilmiş qanlı faciə

31 mart tarixi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciəli günlərdən biridir. Bu gün yalnız bir tarix deyil, həm də xalqımıza qarşı törədilmiş kütləvi qırğınların, soyqırımı siyasətinin simvoludur. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri kimi yadda qalmışdır. Bu faciə nəticəsində minlərlə günahsız insan qətlə yetirilmiş, şəhər və kəndlər viran qoyulmuş, milli-mədəni irsimizə böyük zərbə vurulmuşdur.

  1917-ci ildə Rusiyada baş verən Fevral və Oktyabr inqilablarından sonra imperiyanın süqutu Cənubi Qafqazda siyasi vəziyyəti gərginləşdirdi. Hakimiyyət uğrunda mübarizə müxtəlif qüvvələr arasında toqquşmalara səbəb oldu. Bu qarışıq vəziyyətdən istifadə edən erməni millətçi dəstələri və bolşevik qüvvələri Azərbaycanlı əhaliyə qarşı planlı şəkildə zorakılıq siyasəti həyata keçirməyə başladılar. 1918-ci ilin mart ayının son günlərində Bakı şəhərində vəziyyət daha da kəskinləşdi. Bakı Soveti rəhbərliyində olan bolşeviklər və erməni daşnak silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı silahlı hücumlara başladılar. Qısa müddətdə bu hücumlar geniş miqyaslı qırğınlara çevrildi. 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən qırğınlar xüsusilə Bakı şəhərində amansız şəkildə həyata keçirildi. Silahsız əhali evlərində, məscidlərdə, küçələrdə qətlə yetirilirdi. Tarixi mənbələrə görə, yalnız Bakıda 10 mindən çox azərbaycanlı öldürülmüşdür. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Bu hadisələr zamanı qadınlar, uşaqlar və yaşlılar belə amansızcasına qətlə yetirilmiş, insanlar diri-diri yandırılmış, tarixi abidələr, məscidlər dağıdılmışdır. Məqsəd təkcə fiziki məhv deyil, həm də xalqın milli kimliyini, mədəniyyətini yox etmək idi. 1918-ci il mart hadisələri təsadüfi toqquşma deyil, əvvəlcədən planlaşdırılmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

   Bu siyasətin əsas məqsədi Azərbaycan torpaqlarında yaşayan müsəlman əhalini məhv etmək və bölgədə demoqrafik vəziyyəti dəyişdirmək idi. Tarixi sənədlər və araşdırmalar göstərir ki, bu qırğınlar sistemli və məqsədyönlü şəkildə həyata keçirilmişdir. Uzun illər sovet hakimiyyəti dövründə bu hadisələrə düzgün siyasi qiymət verilməmiş, həqiqətlər gizlədilmişdir. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələyə obyektiv yanaşma mümkün olmuşdur.

   1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən, 31 mart günü “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu, tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addım idi.Bu gün İlham Əliyev tərəfindən də bu faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Xarici ölkələrdə aparılan təbliğat işləri, elmi konfranslar və sənədli materiallar vasitəsilə dünya ictimaiyyətinə bu həqiqətlər çatdırılır.31 mart faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. Bu hadisələr təkcə keçmişin acı xatirəsi deyil, həm də gələcək nəsillər üçün bir dərsdir. Tarixi unutmaq belə faciələrin təkrarlanmasına zəmin yarada bilər.Bu gün Azərbaycan dövləti və xalqı şəhidlərin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında borcunu yerinə yetirməyə çalışır. Quba Soyqırımı Memorial Kompleksi kimi abidələr bu faciənin canlı şahidi kimi gələcək nəsillərə həqiqətləri çatdırır.31 mart hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu faciənin unudulmaması, dünya ictimaiyyətinə düzgün çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.


Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button