Xəzər rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-praktiki konfrans keçirilib

11 aprel 2025-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyada “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİHB Aparatının əməkdaşları, konfransın rayon mərhələsinin qalibləri, onların elmi rəhbərləri və məktəb direktorları iştirak etmişdirlər.
Obyektivxeber.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himni və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova konfrans iştirakçılarını salamlayaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. O bildirdi ki, bir neçə ildir baş tutan bu layihə şagirdlər tərəfindən böyük maraqla qarşılanır. Müsabiqənin ilk mərhələsində rayon məktəbliləri tərəfindən hazırlanan referatlar tarix müəllimlərindən ibarət komissiya tərəfindən məxfilik və şəffaflıq təmin edilərək yoxlanılmış və 12 ən yaxşı referat işi seçilərək rayon mərhələsinə təqdim edilmişdir. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayan L.Əhmədova sözü təqdimatçılara vermişdir.
Elmi-praktik konfrans şagirdlərin təqdimatı ilə davam etdirildi. 12 şagird 5 mövzu üzrə hazırladıqları referat işlərini və hər mövzuya uyğun olaraq videoçarxı münsiflər heyətinə təqdim etdi, çıxışlarının sonunda onlara yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər. Həmçinin, tədbirdə S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyanın şagirdlərinin və Şüvəlan qəsəbə Mədəniyyət Mərkəzinin “Məşəl” rəqs qrupunun ifaları iştirakçılara xoş əhval-ruhiyyə bəxş etdi.
Təqdimatlardan və bədii hissədən sonra söz qonaqlara verildi. Çıxış edən qonaqlar keçirilən konfransın əhəmiyyətindən bəhs edərək, onun böyüməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə, eyni zamanda şagirdlərdə sərbəst işləmə, tarixi faktlara söykənərək şəxsi düşüncələri əsasında araşdırma aparma bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcəyini qeyd etdilər. BŞİHB Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov yekun nitqi ilə çıxış edərək, konfransın keçirilməsinin məqsədindən, savadlı, istedadlı, vətənpərvər şagirdlərin üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, şagirdlər öz tarixi keçmişini dərindən bilməli, tarixi şəxsiyyətlərimizi tanımalı və gələcək nəslə çatdırmalıdırlar. Ulu öndər Heydər Əliyev, eyni zamanda onun laiqli davamçısı – Ali Baş Komandan İlham Əliyevin tariximizə, milli-mənəvi dəyərlərimizə olan münasibəti, qayğısı, diqqəti bugünkü gənclərimizə örnək olmalıdır.Sonda konfransda iştirak etmiş şagirdlərə rayon İcra Hakimiyyəti başçısının təşəkkürnamələri təqdim olundu, xatirə şəkli çəkildi.