GündəmSiyasət

XİN ECO-nun 17-ci Zirvə görüşü nəticəsində qəbul edilmiş Xankəndi Kommunikesi barədə məlumat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü nəticəsində qəbul edilmiş Xankəndi Kommunikesi barədə məlumat yayıb.

Obyektivxeber.az  bildirir ki, məlumatda 3-4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirildiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə ECO-nun Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda ECO Gənclər Forumu, 2 iyulda Laçında ECO Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı ECO Biznes Forumu təşkil edilib.

ECO-nun 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul olunub.

Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.

Kommunikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib. Zirvə görüşünün mövzusuna uyğun olaraq, ECO-nun gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib. ECO regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə “SıfırTullantı” təşəbbüsü yüksək qiymətləndirilib.

Kommunikedə ECO Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və ECO Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.

Sənəddə “ECO Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, ECO Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.

Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.

Xankəndi Kommunikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:

Oxşar Xəbərlər

Back to top button