
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada fərdi evdə baş vermiş yanğınla bağlı Gürcüstana başsağlığı verib.
Obyektivxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Gürcüstanda Abzaxiyanın Qali bölgəsində 5 uşağın həlak olduğu faciəli yanğın hadisəsi bizi dərindən kədərləndirdi. Hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, yanğın yanvarın 5-də Saberio kəndində baş verib. Gürcüstan hökuməti hadisə ilə əlaqədar yanvarın 9-nu ölkədə matəm günü elan edib.